
Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhülkəsizlik Şurasını toplayıb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
İclasda 2017-ci ildə fəaliyyət planı və gündəlik məsələlər müzakirə edilib. Plan Şura üzvlərinin təklifləri əsasında hazırlanıb.
İclasda cəbhə xəttində son günlər baş verən hadisələrin də müzakirə edildiyi istisna edilmir. Bunu deməyə isə ermənilərin cəbhədə verdikləri itkilərdən qorxuya düşməsi əsas verir.
Xatırladaq ki, fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.
Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Ötən gün isə ermənilər polkovnik-leytenantın cəbhədə öldürüldüyü, daha bir zabitin isə ağır yaralanması barədə xəbər yayıblar.
Qaynarinfo.Az