"Zalujnınin istefası ilə Ukrayna daxilində yaşanan böhranın aradan qaldırılıb-qaldırılmayacağını gələcək göstərəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ukrayna ordusunun baş komandanı Zalujnınin istefaya göndərilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, yeni baş komandan bir sıra istiqamətlərdə uğurlu əks-hücumlara bilavasitə rəhbərlik edib:
"Ukrayna-Rusiya müharibəsinin həlledici məqamında Zalujnınin istefaya göndərilməsi faktı birmənalı qarşılanmayıb. Bu barədə bir neçə ay idi ki, söz-söhbət gedirdi. Zalujnı müharibədə dönüş etmiş, bütün planları alt-üst etmiş ordu rəhbəri idi. Ukrayna-Rusiya müharibəsi onun fəaliyyəti nəticəsində indiki məqama kimi davam edə bilib. Zalujnınin Quru Qoşunları komandanı Sırski ilə əvəz edilməsi Ukrayna ordusunun əks-hücum əməliyyatlarının uğursuz olması ilə əlaqələndirilir. Sırski birbaşa döyüş generalı kimi Soledar, Baxmut, Avdeeyevka, eyni zamanda, Xarkov istiqamətində uğurlu əks-hücumlara bilavasitə rəhbərlik edib".
Politoloq vurğulayıb ki, Zalujnınin istefaya göndərilməsini Ukrayna hakimiyyəti daxilindəki çəkişmələrin nəticəsi kimi dəyərləndirmək olar:
"Sırskini Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermakın dəstəklədiyi qeyd edilir. Onun haqqında da müxtəlif şaiyələr yayılır, Rusiyanın adamı olduğu qeyd edilir. Analitiklər qeyd edir ki, bundan sonra Rusiya Ukrayna ordusunun planları barəsində daha dəqiq məlumatlar alacaq. Zalujnınin Zelenskinin dəfələrlə bəyan etdiyi beş yüz min əsgər səfərbərlik planlarına qarşı olduğu, indiki durumda isə bunun Sırski tərəfindən dəstəklənəcəyi də qeyd edilir. Təbii ki, bunlar şayiələrdir".
Həmsöhbətimiz deyib ki, Zalujnınin siyasi oyunların qurbanı, yoxsa siyasi oyunların növbəti gedişi olduğu faktını gələcək göstərəcək:
"Qərb koalisiyasının öz dəstəyini əvvəlki kimi Ukraynaya davam etdirəcəyi qeyd edilir. Hətta bu dəyişikliyin cəbhədə uğurlar gətirəcəyinə ümid edilir. Zalujnınin istefaya göndərilməsi ilə Ukraynadakı böhranın aradan qaldırması indiki məqamda Sırskinin fəaliyyətinin nəticələrindən asılı olacaq. Məsələ ondadır ki, Ukrayna dövlət qurumlarının korrupsiyalaşması faktlarının güclü olduğu bir şəraitdə Zalujnınin idarə etdiyi ordunun uğurlu nəticələrini arxa plana keçirirdi. Amma Sırski bu uğurları davam etdirə bilməsə, Ukrayna dövlət idarıçilik aparatının bütün daxili çatışmazlıqları gün üzünə çıxarılacaq və bu da Ukrayna dövlətinin süqutu olacaq".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski fevralın 8-də Valeri Zalujnını baş komandan vəzifəsindən uzaqlaşdıraraq, Quru Qoşunları komandanı, general-polkovnik Aleksandr Sırskini baş komandan təyin edib.
Rüfət Sultan
Şərhlər