Dünya 17:12 06.12.2022

Saxo Bank gələn il üçün "şokedici proqnozlar" açıqladı

Danimarkanın "Saxo Bank”ı 2023-cü il üçün on "şok proqnoz" dərc edib.

Onlar bir sıra gözlənilməz və qiymətləndirilməmiş hadisələrə aiddir, buna görə də "dünya bazarları güclü şok dalğası ilə əhatə oluna bilər".

"Saxo Bank”ın İnvestisiya direktoru Stin Yakobsen bankın 2023-cü il üçün proqnozunu belə təsvir edib:
 
"Mövcud proqnozumuz pandemiyadan əvvəlki inflyasiyasız dinamikaya qayıdışla bağlı istənilən fikirə qarşı çıxır. Bu, mümkün deyil, çünki biz dünyanın hər bir böyük dövlətinin milli təhlükəsizliyini bütün cəbhələrdə, istər hərbi, təchizat zəncirləri, enerji təhlükəsizliyi və hətta maliyyə təhlükəsizliyi kimi gücləndirməyə çalışdığı müharibə iqtisadiyyatı mərhələsinə qədəm qoymuşuq”. Əvvəlki proqnozunda bank hesab edirdi ki, 2022-ci ildə soyuq müharibə yeni dövrünə qədəm qoyacaq. 

Analitiklər hesab edirlər ki, 2023-cü ildə Ukraynadakı hərbi münaqişə "1945-ci ildən bəri görünməmiş miqyasda müharibə iqtisadiyyatı mentalitetini qaytarır”.

"Şok edici proqnozlardan” üçü Avropanın bu inkişafa necə reaksiya verəcəyinə işarə edir. Birinci proqnoz Avropanın vahid silahlı qüvvələrinin yaradılmasıdır. "2023-cü ildə daha aydın olacaq ki, Avropa öz müdafiə imkanlarını səliqəyə salmalı və ABŞ-ın əvvəlki öhdəliklərindən (Avropada müdafiə ilə bağlı) imtina edə bilməsi riskini artıran ABŞ-dakı qeyri-sabit siyasi sikllərə daha az etibar etməlidir. Aİ-nin bütün üzvləri 2028-ci ilə qədər quruda, suda, havada və kosmosda təhlükəsizliyə tam və müstəqil cavabdeh olacaq ümumavropa silahlı qüvvələrinin yaradılmasına başlamağa razılaşacaqlar”. "Saxo Bank”ın məlumatına görə, bunun üçün Aİ növbəti 20 il ərzində 10 trilyon avro ayıracaq.

Bank analitikləri həmçinin Böyük Britaniyanın 2023-cü ildə "Brexit”dən imtina ilə bağlı referendum keçirəcəyini gözləyirlər. "Ölkədə tənəzzül, inflyasiya və nəticədə ictimai etirazın təzyiqi altında növbədənkənar seçki keçirilə bilər” deyə bankın analitiki Cessika Amir bildirib. Çoxları qeyd edir ki, britaniyalıların gənc nəslinin böyük əksəriyyəti - 18-24 yaşlıların təxminən 80%-i ölkənin Aİ tərkibində saxlanmasının tərəfdarı olub. Halbuki 65 yaşdan yuxarı insanların üçdə ikisi Aİ-dən çıxmağa səs verib”. Bunun fonunda analitik hesab edir ki, gələn ilin üçüncü rübündə növbədənkənar seçkilər nəticəsində Böyük Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı yeni referendum təşkil edəcək Leyboristlər Partiyası hakimiyyətə gələ bilər.

Fransanı daha bir siyasi təlatüm gözləyə bilər. Bir tərəfdən solçuların, digər tərəfdən isə Marin Le Penin başçılıq etdiyi sağçıların təsirinin artması fonunda prezident Makron "gözlənilmədən istefasını elan edəcək”.

Bununla belə, analitiklər istisna etmirlər ki, Makron 1958-ci ildə Şarl de Qollun etdiyi kimi, böyük siyasətdən yalnız bir müddət ayrılaraq yenidən ön plana çıxa bilər.

"Saxo Bank”ın analitikləri hesab edirlər ki, "müharibə iqtisadiyyatı”nın çağırışları təkcə siyasətdə deyil, iqtisadiyyatda da hiss olunacaq. Enerji qiymətlərinin yüksəlməsi fonunda ABŞ-ın aparıcı texnologiya şirkətləri və "texnofil milyarderləri” enerji sektorunda yeni imkanların araşdırılmasına yönəlmiş çoxmilyardlıq layihə yaradacaqlar. Bank hesab edir ki, enerjiyə təsiri baxımından bu layihə atom enerjisinin tədqiqi və nüvə bombasının yaradılması üzrə "Manhetten layihəsi” ilə müqayisə oluna bilər və yeni layihəyə investisiyalar təxminən 1 trilyon dollar təşkil edəcək.

Danimarka bankı hesab edir ki, inflyasiya təzyiqi və geosiyasi qeyri-sabitlik təkcə qlobal iqtisadiyyata deyil, həm də maliyyə bazarına təsir etməkdə davam edəcək. Bu fonda hökumətlər daha mühafizəkar siyasət həyata keçirəcək, daha mürəkkəb maliyyə alətlərinə investisiyaları azaldacaq və qızıl kimi ənənəvi aktivlərə investisiya qoyacaqlar. Saxo Bankın hesablamalarına görə, 2023-cü ildə bu metala tələbatın artması onun qiymətinin indiki 1 unsiyaya görə 1,8 min dollardan 3 min dollara yüksəlməsinə səbəb olacaq.

Saxo Bankın 2023-cü il üçün digər proqnozu ondan ibarətdir ki, ən azı bir ölkə ət istehsalını mərhələli şəkildə dayandırmağa qərar verəcək. "2022-ci ilin enerji şokuna baxaraq, bir çoxları hesab edir ki, ölkələr iqlim dəyişikliyi ilə mübarizə öhdəliyindən əl çəkəcəklər,- Saxo Bankın analitiki Çaru Çanana deyir. - Lakin bunu, xüsusən də Avropaya münasibətdə tam qəbul etmək olmaz. İqlim dəyişikliyinə qarşı mübarizə təkcə enerjiyə deyil, həm də qida sənayesinin işinə aiddir. Bəzi analitiklər hesab edirlər ki, 2050-ci ilə qədər sıfır karbon emissiyası hədəflərinə çatmaq üçün ət istehlakı ildə adambaşına orta hesabla 24 kq-a qədər azaldılmalıdır - İƏİT-in hesablamalarına görə, bu, hazırda ildə təxminən 70 kq təşkil edir.

Buna əsaslanaraq, "Saxo Bank” belə qənaətə gəlir ki, "2023-cü ildə dünyanın ən azı bir ölkəsi iqlim dəyişikliyi ilə mübarizədə ön sıralarda olmaq və 2025-ci ildən başlayaraq ət istehsalına daha yüksək vergilər tətbiq etmək və 2030-cu ilə qədər yerli istehsaldan tamamilə imtina etmək qərarına gələcək. Paralel olaraq texnologiyaları inkişaf etdirərək və daha humanist və daha az karbon emissiyaları yaradan bitki analoqları istehsal edəcək. 

Nizami Bağırov