"Seçkinin bitməsilə Putinin keçmiş sovet respublikalarına təhdidi artacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiyada başa çatan prezident seçkisini şərh edərkən deyib. Elçin Şıxlı düşünür ki, Rusiyada seçkinin belə nəticələnməsində qeyri-adi heç nə yoxdur:
"İstənilən halda Putin qələbə qazanacaqdı. Çünki seçicilərin onun rəqiblərinin kim olduğundan heç xəbərləri də yox idi. Rusiyada kimi dindirsək, hamısı Putini istədiklərini deyir. Seçkidən sonra Rusiyadan yeni nəsə də gözləmirəm. Ukraynadakı müharibəni davam etdirəcək".
Elçin Şıxlı düşünür ki, ölkə iqtisadiyyatı çökməkdə davam edəcək:
"Moskva və ətraf ərazilərdə hər şey əla olsa da, Uralda yaşayanların heç dünyadan xəbəri yoxdur. Bu ərazilər xarabaxanadır, hər şey boşdur. Bu ölkədə təbəqələşmə güclüdür. Güclü urbanizasiya prosesləri gedir. Rusiyanın ümumi ərazisinin təxminən 20 faizindən bir qədər çoxu normal yaşayış üçün yararlıdır. Yerdə qalan əraziləri isə, tundra, tayqa, Sibir yaşamaq üçün yararsız ərazilərdir".
Ekspert qeyd edib ki, bütün bu sadalanların fonunda Kremlin keçmiş sovet respublikalarına təhdidləri artacaq:
"Eyni zamanda, seçkilərdən sonra Rusiyanın Ukrayna və Qərbə qarşı aqressivliyi də artacaq. Ölkənin iqtisadi vəziyyəti normal olsaydı, Rusiya yenə də eyni siyasəti yürüdəcəkdi, amma bu halda o qədər də aqressiv olmayacaqdılar. İndiki məqamda isə Kreml aqressivliyini artıracaq və seçkidən sonra Ukraynadakı mövcudluqlarını daha da gücləndirməyə çalışacaq. Rusiyanın bunu bacarıb-bacarmayacağı isə Qərbin dayanıqlığından və Kiyevin arxasında nə dəcərədə durmasından asılı olacaq".
Həmsöhbətimiz düşünür ki, Putin seçkidən sonra belə hər hansı bir xarici ölkəyə səfər etməyəcək:
"Yəqin ki, Türkiyəyə də getməz. Ərdoğana deyəcək ki, gəl Soçiyə, ya da Krıma. Putin harasa getməyə ehtiyat edir. Ölkə içində belə bir o qədər də böyük həvəslə hərəkət etmir".
Qeyd edək ki, Rusiyada seçkilərin qalibi gözlənildiyi kimi, hazırkı Vladimir Putin oldu. Seçicilərin 88 faizə yaxını ona səs verib. Seçki fəallığı isə 74 faiz civarında olub.
Rüfət Sultan
Şərhlər