Xəbər lenti

Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun qurbanı oldu
Ölkə 16:51 15.07.2026

Səfirlikdə işə düzəlmək istədi, dələduzluğun qurbanı oldu

Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyində sürücü kimi işə düzəldəcəyini vəd edərək tanışından 3 min manat aldığı iddia olunan şəxs məhkəmə qarşısına çıxarılıb.

Qaynarinfo xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs tanışı olan zərərçəkmişə işə düzəltmək imkanının olduğunu bildirib. O, bunun üçün 7 min manat lazım olduğunu, ilkin olaraq 3 min manat ödənilməli, qalan məbləğin isə sonradan veriləcəyini deyib.

Bildirilib ki, təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən məktəb-liseyin yaxınlığındakı kafedə zərərçəkmiş şəxsdən 3 min manat nağd pul alıb. İddiaya əsasən, vəd edilən iş baş tutmayıb və zərərçəkmiş şəxs pulunu geri ala bilməyib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aldığı pulu başqa ehtiyaclarına xərcləyib. Həmçinin torpaq sənədlərinin hazırlandığını və həmin işdə vasitəçi olduğunu qeyd edib.

Zərərçəkmiş şəxs isə məhkəmədə bildirib ki, təqsirləndirilən şəxslə uzun illərdir tanış olub və onun işə düzəltmək vədinə inanaraq pul verib. O, hazırda pulunun qaytarılmasını tələb edir.

Məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə (dələduzluq, yəni aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə) təqsirli hesab edib.

Hökmə əsasən, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həbsdə saxlanıldığı 1 gün müddət də nəzərə alınaraq, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->