Xəbər lenti

Səhər üçün bir neçə zəngli saat qurmaq: Bu vərdiş orqanizmə necə təsir göstərir?
Sağlamlıq 08:45 18.06.2026

Səhər üçün bir neçə zəngli saat qurmaq: Bu vərdiş orqanizmə necə təsir göstərir?

Səhər tezdən oyanmaq bir çox insan üçün çətin olduğundan, bəziləri gecikməmək üçün iki, üç və hətta daha çox zəngli saat qurur. Lakin ekspertlər bunun yuxu və sağlamlığa necə təsir etdiyini izah ediblər.

Qaynarinfo-nun məlumatına görə, sağlam həyat tərzi üzrə ekspert Cordan Bruss bildirib ki, hər səhər bir neçə dəfə oyanmaq REM (sürətli yuxu) fazasının pozulmasına səbəb ola bilər. Bu barədə "Yourtango” yazır.

"Headspace Group” məlumatına görə, səhərlər dəfələrlə oyanmaq gündəlik məhsuldarlığa, yaddaşın möhkəmlənməsinə və öyrənmə qabiliyyətinə mənfi təsir edir.

Brussun sözlərinə görə, bu vərdiş "yuxu inertliyi” yaradır – yəni oyanandan sonra davam edən yuxululuq, yorğunluq, əhval dəyişiklikləri və kortizol səviyyəsinin artması.

"Zəngli saat hər dəfə çalanda orqanizm ‘döyüş və ya qaçış’ vəziyyətinə düşür, buna görə də bu proses çox streslidir", deyə o qeyd edib.

Mütəxəssislər bildirirlər ki, "snooze” (təxirə salma) düyməsi ilə hər 5–10 dəqiqədən bir yenidən yuxuya getmək beyin və bədəni çaşdırır, çünki bu, təbii yuxu dövrünün bir hissəsi deyil və fayda vermir.

Zəngli saatı necə düzgün qurmaq olar?

Ekspertlərin fikrincə, ən yaxşı nəticə üçün sirkad ritmləri sabit saxlanmalıdır. Yəni insan hər gün eyni vaxtda yatmalı və eyni vaxtda oyanmalıdır – hətta həftəsonları da. Bu, orqanizmin təbii yuxu rejimini formalaşdırmağa kömək edir.

Cordan Bruss həmçinin bildirir ki, insan beyni yeni vərdişlərə uyğunlaşa bilir və bu proses bir qədər vaxt tələb etsə də, nəticə verir.

O, tövsiyə edir ki, telefon yataqdan uzaq qoyulsun. Beləliklə, insan zəngi söndürmək üçün məcburən qalxır və yenidən yatağa qayıtmır. Ən əsası isə yalnız bir zəngli saat qurulmalıdır.

Bruss əlavə edib ki, səhər oyanmanı asanlaşdırmaq üçün qalxdıqdan sonra su içmək, yüngül hərəkətlər etmək, üz yumaq və ya qısa məşq hərəkətləri faydalıdır. Onun sözlərinə görə, hətta 10 dəfə kiçik hərəkət belə bədəni "oyatmağa” kömək edir.

Bir neçə zəngli saat vərdişi orqanizmi daha çox yorur və stresi artırır. Daha stabil yuxu rejimi və tək zəngli saatdan istifadə daha sağlam oyanış təmin edə bilər.

Aydın
--> -->