Xəbər lenti

İdman 16:23 26.07.2023

Sənan Süleymanov: "Əmin idim ki, medal qazanacağam” (MÜSAHUBƏ)

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirində qızıl medal qazananlar arasında yunan-Roma güləşçimiz Sənan Süleymanov da oldu. 77 kq çəkidə yarışan idmançımız amerikalı Riçard Perkinsə (3:1), finlandiyalı Conni Sarkkinenə (5:1) və gürcüstanlı Yuri Lomadzeyə (10:0) qalib gələrək finala yüksəlib. Sənan həlledici görüşdə amerikalı Kamal Beyi də 4:1 hesabıyla üstələyərək çempion adı qazanıb.

27 yaşlı güləşçi yarışla bağlı təəsüratlarını Qaynarinfo-ya bölüşüb: 

- Yarış yüksək səviyyədə keçdi. Rəqiblər çox güclü  idilər. İlin sonuncu reytinq turniri olduğuna görə bir çox ölkələr dünya çempionatı öncəsi əsas heyəti buraya sınaq üçün göndərmişdilər. Yəni seçim xarakteri daşıyırdı. Mən də bu yarışda qaliblər sırasında oldum. Həmişə olduğu kimi ilk görüşlər biraz çətin olur. Daha sonra Finlandiyadan olan rəqiblə qarşılaşdım. 5:1 hesabı ilə qələbə qazandığım görüşdə başımdan ağır zədə aldım. Yarımfinalda gürcü güləşçi ilə qarşılaşdım. Çox təcrübəli idmançı idi. Onu ilk hissənin elə 1-ci dəqiqəsində 10:0 hesabı məğlub etdim. Finalda isə hər kəsin tanıdığı amerikalı idmançı ilə üz-üzə gəldim və 4:1 hesabı ilə qalib oldum. Əslində, hesab daha böyük ola bilərdi. Ancaq hakimlər bəzi hallarda xallarımı hesaba almadılar. Buna baxmayaraq, çempion oldum. 

- Son yarışa qədər bir sıra yarışlarda istədiyiniz nəticəni qazana bilmirdiniz. Sanki uğursuzluq zolağına düşmüşdünüz. Hər halda bu qələbə dünya çempionatına motivasiya olar...

- Bu yarışa qədər bir çox təlim-məqşlər, hazırlıqlar keçmişdik. Belə bir nəticə mənim üçün gözlənilən idi. Bəli, bundan öncə bir neçə yarışda uğursuzluqla üzləşdim. Bu durum özümə də heç xoş təsir etməmişdi. Çünki məğlub olduğum yarışlar ən yaxşı formada olduğum vaxtlarda olub. Heç bir təlim-məşq toplanışında, məşqlərdə boşluq yaratmamışdım. Sadəcə, bir neçə yarışda qalib gəlmək qismət olmadı. Dünya çempionatı öncəsi bu yarış psixoloji olaraq mənə yaxşı təsir etdi. Özümə inamım daha da artdı, yaxşı motivasiya oldu. İnşallah, dünya çempionatında daha yaxşı nəticələr əldə etməyə çalışacağıq. 

- Dünya çempionatında hədəf nədir? 

- Hazırda Macarıstanın Tata şəhərində başqa ölkələrin idmançıları ilə birgə təlim-məşq toplanışı keçirik. Daha sonra vətənə dönərək orada  hazırlıqlarımıza davam edəcəyik. Ondan sonra  dünya çempionatında iştirak edəcəyik. Hədəfimiz  medal qazanaraq olimpiadaya lisenziya əldə etməkdir.

- Dünya çempionatına hər halda 77 kq çəki dərəcəsində gedəcəksiniz... Əsas rəqibləriniz kimlər olacaq? 

- 77 kq elə çəki dərəcəsidir ki, hər hansı bir ölkənin idmançısını zəif görmək olmur. Çünki bu çəkidə rəqabət güclüdür. Heç bir rəqibə boş yanaşmaq olmaz. Kim xırda səhv etsə, məğlub ola bilər. 10-15 idmançı var ki, qalib gələ biləcək gücdədirlər. Ona görə də rəqiblərdən kiminsə adını çəkmiyəcəyəm. 

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->