Yeni qanun layihəsi Rusiyanın müttəfiqlərinə qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutur və ABŞ Senatında həm respublikaçılar, həm də demokratlar tərəfindən geniş dəstək qazanıb.
Qaynarinfo "The Telegraph”a istinadla yazır ki, bəzi senatorlar bu qanun layihəsini prezident Donald Trampdan "yaşıl işıq” gözləmədən səsverməyə çıxarmağa çalışacaqlarını bildiriblər.
Çərşənbə günü senatorlar Lindsi Qrem və Riçard Blumental Rusiyanın müttəfiqlərinə qarşı iflicedici sanksiyalar nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Layihənin əsas müddəası – Rusiya nefti, qazı, uranı və digər məhsullarını alan istənilən ölkəyə qarşı 500 faizlik gömrük rüsumunun tətbiqidir. Məqsəd Çin və digər "Putinin hərbi maşınını dəstəkləyən” ölkələrin qarşısını almaqdır.
"The Telegraph” qeyd edir ki, qanun layihəsini hər iki partiyadan 81 senator dəstəkləyib. Bununla belə, Trampa mövqeyin zorla qəbul etdirilməsi cəhdinin Ağ Evdə yaxşı qarşılanmayacağı ehtimal edilir.
Tramp xəbərdarlıq edib ki, Rusiyaya qarşı sanksiyalar Putini sülh danışıqlarından çəkindirə bilər. Lakin bəzi respublikaçı senatorlar Trampın Rusiya lideri ilə apardığı danışıqlara skeptik yanaşdıqlarını bildirərək onun razılığını gözləmədən hərəkət edəcəklərini açıqlayıblar.
"Mən heç nə gözləmirəm. Hesab edirəm ki, bu məsələni müzakirəyə çıxarmalı və Putini cəzalandırmalıyıq. Mən kifayət qədər gözləmişəm. Mənə tam aydındır ki, Putin bizi aylarla aldadır və düşünmürəm ki, Amerika Birləşmiş Ştatları buna dözməlidir”, – deyə İndiana ştatından respublikaçı senator Todd Yanq bildirib.
Senator-republikaçı Mayk Raunds hesab edir ki, Trampın dəstəyi olmasa belə, qanun layihəsini təxminən 70 senator dəstəkləyəcək.
Lakin qanun layihəsi səsverməyə ən tezi iyunun əvvəlində çıxarıla bilər, çünki növbəti həftə Konqres tətilə çıxır.
Bundan əlavə, nəzəri baxımdan Senat prezidentin qanun layihəsinə veto qoymasını dəf edə bilər, lakin sənədin həm də Nümayəndələr Palatasından keçməsi vacibdir. "The Telegraph” qeyd edir ki, bu palata Ukraynaya daha az dəstək göstərir və burada Trampın təsiri daha güclüdür.
Əvvəlki məlumatlara görə, ABŞ dövlət katibi Marko Rubio atəşkəslə bağlı danışıqların pozulması fonunda prezident Donald Trampı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə inandırmağa çalışır. Lakin ABŞ lideri bu mövzuda hələlik yola gəlmir.
Bildirildiyinə görə, yeni sanksiya qanun layihəsi həm də Nümayəndələr Palatasında qəbul edilməlidir. Burada isə respublikaçı rəhbərlik Ağ Evlə tam uyum içində hərəkət edir. Əgər Ağ Ev qanun layihəsini dəstəkləməkdən imtina edərsə, onun tərəfdarları palatada rəhbərlikdən yan keçərək sənədi səsverməyə çıxarmağa cəhd etməli olacaqlar – bu isə çətin və yorucu bir prosedurdur.
Alpər
Şərhlər