"Qarabağdakı separatçıların qalıqları ağır texnikanın maketini yaradaraq, bizi provakasiyaya çəkmək istəyirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev qanunsuz erməni silahlı dəstələrinin Qarabağın yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplaması faktını şərh edərkən deyib.
"Qarabağdakı qanunsuz erməni silahlı dəstələri bu kimi addımlarla dezinformasiya yaymaq, lazımsız gərginliyə cəhd etməklə özlərini göstərmək istəyirlər. Ermənistandan qondarma rejimə doğru hərəkətin qarşısı artıq qurudan kəsilib. Burada yalnız sülhməramlıların vertolyotlarla havadan hərəkət etmək imkanı var. Amma artileriya qurğularını vertolyotlarla daşımaq isə mümkün deyil”, deyə ekspert vurğulayıb.
Onun fikrincə, burada iki versiya var:
"Birincisi, həmin artileriya qurğularını yəqin ki, qanunsuz erməni dəstələri bir istiqamətdən digər istiqamətə dəyişdiriblər. Bununla da ermənilər sanki Azərbaycana qarşı növbəti təxribata hazırlaşdıqları barədə görüntü yaratmaq istəyirlər. Digər tərəfdən, vaxtilə İraq diktatoru Səddam Hüseyn müharibə zamanı ağır texnikanın maketlərini yaratmaq və onların müxtəlif formalarda hərəkətini təşkil etməklə düşmənə psixoloji təsir etməyə cəhd edib. Ola bilsin ki, separatçılar bu metoddan yararlanmaq istəyirlər. Lakin hər iki halda separatçıların bu avantürasının heç bir nəticəsi olmayacaq. Mövcud artileriya qurğularının yerdəyişməsi baş veribsə, toplananların yerinin dəyişməsilə cəm dəyişmir. Həmin artileriya qurğularının yerinin dəyişməsi güclü Azərbaycan Ordusunun qarşısını almaqda zərrə qədər də olsa yetərli deyil”.
Taleh ƏIiyev bildirib ki, söhbət artileriya qurğularının maketlərinin yaradılmasından gedirsə, bu ermənilərin özlərini aldatmaqdan başqa heç nəyə yaramayan mənasız təbliğat formasıdır.
"Bunun nəticəsində ermənilər təxribata gedərsə, təxribatın törədiləcəyi bütün nöqtələr Azərbaycan Ordusu üçün legitim hərbi hədəf hesab olunaraq, qısa zamanda susdurulacaq və yeni ərazilərimizin azad olunması ilə nəticələnəcək”, deyə ekspert vurğulayıb.
Qeyd edək ki, bir sıra məlumatlara görə, qanunsuz erməni silahlı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır və burada atəş mövqeləri hazırlayırlar.
Rüfət Sultan