Serbiyanın baş nazirinin müavini Aleksandar Vulin Serbiyanın BMT-də antirusiya qətnaməsi lehinə səs verməsini rüsvayçılıq və xəyanət adlandırıb və xarici işlər nazirini məsuliyyəti üzərinə götürməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, Vulin bu haqda RTRS-ə
danışıb.
Vulin bildirib ki, "BMT-dəki rüsvayçılıq" baş verməməli idi və Serbiyanın nümayəndələri verdikləri səslə "bizi biabır edib utandırdılar".
"Mən bunun səhv olduğuna inanmıram, çünki Rusiyaya – bizim yeganə tarixi və dəyişməz müttəfiqimizə qarşı səs verərkən bunu düşünməyən bir serb belə yoxdur. Mən səhvlərə inanmıram, amma xəyanətə inanıram. Prezident Aleksandar Vuçiç dürüst davrandı və bunun Serbiyanın mövqeyi olmadığını, siyasətimizə uyğun gəlmədiyini təsdiqlədi", – deyə Vulin vurğulayıb.
O qeyd edib ki, "bu səsvermə Serbiyaya, serblərə və Aleksandar Vuçiçə və onun siyasətinə qarşıdır".
"Xarici işlər naziri bizə vurulan bu rüsvayçılığa görə məsuliyyəti öz üzərinə götürməli və bütün siyasi nəticələrə qatlanmalıdır... Bu səsvermə cavab verilməli olan bir rüsvayçılıqdır", – deyə Vulin əlavə edib.
Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Serbiya BMT Baş Assambleyasında Ukrayna ilə bağlı Avropa qətnaməsi lehinə səs verib, lakin bunun səhv olduğunu və bitərəf qalmalı olduqlarını düşündüyünü etiraf edib.
Xatırladaq ki, bazar ertəsi BMT Baş Assambleyası Ukrayna və Avropa tərəfdaşlarının təşəbbüsü ilə irəli sürülən və Rusiyanın təcavüzünü pisləyən qətnaməni 93 səslə qəbul edib.
Birləşmiş Ştatlar Rusiyanın və az sayda digər ölkənin yanında yer alaraq qətnamənin əleyhinə səs verib.
Alpər
Şərhlər