Bazar günü, iyulun 31-də Kosovonun şimalındakı Mitrovitsada silahlı toqquşmalar başlayıb. Yerli sakinlər atəş səsləri eşidiblər. Şəhərdə sirenalar işə salınıb, kilsələrdə zənglər çalınır. Toqquşma bölgəsində çoxlu sayda təcili yardım maşını görünüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Jerusalem Post” məlumat
yayıb.
Ərazidə bəzi yolların bağlandığı bildirilir.
Serbiya prezidenti Aleksandar Vuçiç artıq Serbiyanın "heç vaxt indiki qədər mürəkkəb və çətin vəziyyətdə (Kosovo ilə bağlı - red.) olmamasını" bəyan edib. O, tərəflərdən sakit olmağı xahiş edib və vurğulayıb ki, "sülhü qorumaq istəməsələr, Serbiya qalib gələcək.”
"Srbija danas”ın məlumatına görə, Vuçiç "serblər bundan sonra təqiblərə dözməyəcəklər”
deyib.
"Dünən serblər bunu mənə on dəfə dedilər. Mən onların qarşısında az qala diz çöküb sülh üçün yalvardım. Sonda söz ala bildim ki, nə etsələr də, albanlara nə təxribat, nə də hücum etməyəcəklər. Vəziyyət belədir. insanların çoxunun düşündüyündən qat-qat ciddidir”, - Serbiya prezidenti deyib.
200-ə yaxın alban Mitrovitsanı şimal və cənubu ayıran əsas körpünün düz arxasında toplaşıb. Qeyri-rəsmi məlumata görə, onlar Zvecan yaxınlığındakı Rudar bölgəsinə gedəcək və orada barrikadalar quracaqlar. Bundan əlavə, vətəndaşlar yük maşını ilə əsas yolu bağlayıblar.
Serblər Rudar və Zupça şəhərlərində barrikadalar quraraq Kosovo xüsusi təyinatlılarının yolunu kəsiblər.
Vətəndaşların narazılığına səbəb Kosovoda səyahət qaydalarının dəyişdirilməsi olub. Serb sənədləri olan vətəndaşlara giriş-çıxış üçün sənəd veriləcək, avqustun 1-dən isə Serbiya Respublikasından Kosovoya nömrəli nəqliyyat vasitələrinin yenidən qeydiyyatına başlanılacaq.
Qeyd edilir ki, Kosovonun giriş və çıxışında tıxac yaranıb. Serbiyadan gələn sərnişinlərə geri dönmələri tövsiyə olunur.
Qısa arayış: Serbiyanın əyaləti olan Kosovo 1998-1999-cu illərdəki amansız müharibədən on il sonra, 2008-ci ildə müstəqilliyini elan edib.
Kosovonun müstəqilliyini BMT-yə üzv olan 193 ölkədən 97-si, Avropa Birliyinə üzv olan 27 ölkədən 22-si (Kipr, Yunanıstan, Rumıniya, Slovakiya, İspaniya tanımayıb) tanıyıb. Azərbaycan da Kosovo dövlətini tanımır və bölgəni Serbiyanın ayrılmaz hissəsi hesab edir.
Nizami Bağırov