Serbiyanın Müdafiə Nazirliyinin dövlət katibi Nemanya Staroviç bildirib ki, Serbiya hakimiyyəti Kosovoya türk silahlarının verilməsindən narahatdır. Onun sözlərinə görə, Ankara Priştinanı "aktiv şəkildə silahlandırır” ki, bu da Kosovodakı serb əhalisi və bütövlükdə bütün Serbiya üçün "risk və təhdidlərin səviyyəsini artırır”.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant
yazır.
Staroviçin sözlərinə görə, Serbiya xüsusi xidmət orqanlarında Türkiyənin Kosovoya pilotsuz uçuş aparatları, OMTAS tank əleyhinə sistemlər, minaatanlar, qumbaraatanlar və digər növ silahlar verdiyi barədə məlumat var. Və bu, Kosovo ilə bağlı beynəlxalq müqavilələrə ziddir.
Dövlət katibi əmin edib ki, "söhbət beynəlxalq hüququn pozulmasından getsə də, panika üçün heç bir səbəb yoxdur, Belqradın adekvat cavabı var”.
"Serbiya Türkiyənin Belqraddakı səfirinə etiraz notası təqdim edib. Biz əlimizdə olan bütün kanallardan Türkiyəni xəbərdar etmək üçün istifadə edirik ki, Ankaranın bu addımları bizim üçün qəbuledilməzdir və bizi narahat edir”, - o əlavə edib.
Xatırladaq ki, iyulun 16-da Kosovonun baş naziri Albin Kurti ölkəsinin Türkiyədən bir partiya Bayraktar TB-2 pilotsuz uçuş aparatı aldığını açıqlayıb. O, alınan PUA-ların sayını dəqiqləşdirməyib. Baş nazir həmçinin 2021-ci ildən Kosovo hakimiyyətinin ordunun sayını 80%, hərbi büdcəni isə 100% artırdığını açıqlayıb.
Nizami Bağırov