Serbiyanın ədliyyə naziri Nenad Vujiç Srebrenitsa soyqırımının əsas məsul şəxsi, “Bosniya qəssabı” ləqəbli Ratko Mladiçin dəfn mərasimi ilə bağlı açıqlama verib. Nazir Mladiçin ən yüksək səviyyəli dövlət mərasimi ilə dəfn ediləcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, Vujiç müharibə cinayətkarı Mladiçin nəşinin Serbiyaya gətirilməsi və dəfn prosesi barədə danışıb. Onun sözlərinə görə, Mladiç ən yüksək səviyyəli dövlət və hərbi mərasimlə torpağa tapşırılacaq, dəfn ediləcəyi yeri isə ailəsi müəyyənləşdirəcək.
Nazir bildirib ki, nəşin Serbiyaya gətirilməsi Haaqadakı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Cinayət Tribunalının Qalıq Mexanizminin prosedurlarından asılıdır. Nəşin Serbiyaya nə vaxt gətiriləcəyi Haaqada istintaq və bürokratik prosedurlar başa çatdıqdan sonra məlum olacaq.
Hökumətin Mladiçin ailəsi ilə mütəmadi əlaqə saxladığını deyən Vujiç bildirib: "Bu, tamamilə onların qərarından asılıdır. Dövlət məsələsinə gəldikdə isə general Mladiçin layiq olduğu bütün hərbi və dövlət təltiflərini alacağı dəqiqdir. Dəfn yerini isə ailə müəyyənləşdirəcək".

Serblərin Mladiçi ucaldan aksiyaları
Mladiçin ölümündən sonra Bosniya və Herseqovinada bəzi serblərin müharibə cinayətkarını ucaldan aksiyaları da etirazlara səbəb olub.
Bosniya müharibəsi zamanı böyük zorakılıqların yaşandığı Zvornik şəhərində yüzlərlə insan bir araya gələrək Serbiya bayraqları daşıyıb və Mladiçi tərifləyən plakatlar açıb. Aralarında uşaqların da olduğu kütləyə reaksiya verən Serb Respublikasının vitse-prezidenti Camil Durakoviç bölgədə bosniyalıların dəfn edildiyi kütləvi məzarlıqların olduğunu xatırladıb.
Durakoviç deyib: "Bura Belqrad deyil. Bura Mladiçin müharibə əmrlərinin icra edildiyi yerdir. Bu toplantılara etiraz edəcək heç kim yoxdur?"
Srebrenitsa yaxınlığındakı Bratunats şəhərində bir divara “Hamımız Mladiçin əsgərləriyik” yazıldığı, Brçkoda isə serblərin Mladiç üçün şam yandırdığı bildirilib.

“O, müharibə cinayətkarı kimi öldü”
Mladiçin ölümündən sonra region ölkələrindən də reaksiyalar gəlib. Monteneqro prezidenti Yakov Milatoviç Mladiçin həbsxanada müharibə cinayətkarı kimi öldüyünü bildirib:
"Mladiç soyqırım və ən ağır müharibə cinayətləri üzrə qəti hökmlə təqsirli bilinib. Bu, siyasi fikir məsələsi deyil, beynəlxalq məhkəmənin qəti qərarı ilə təsdiqlənmiş faktdır. Buna görə də məsələ siyasi baxımdan nisbilik müstəvisinə keçirilməməlidir".
Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman isə Mladiçin Bosniya və Herseqovina, eləcə də Xorvatiyada qanlı izlər buraxdığını bildirib və daha bir müharibə cinayətkarının öldüyünü qeyd edib.

"Müharibə cinayətkarını qəhrəman kimi göstərmək yanlışdır"
Bosniyalı akademik Esad Durakoviç Mladiçin dəfn mərasimi ilə bağlı qiymətləndirməsində müharibə cinayətkarının “qəhrəman” kimi təqdim edilərək dəfn olunmasının son dərəcə yanlış olduğunu bildirib.
Durakoviç Serbiyanın Mladiçi yüksək səviyyəli dövlət mərasimi ilə dəfn etməsinin ölkənin soyqırım məsələsinə münasibəti ilə bağlı ciddi müzakirələrə səbəb ola biləcəyini vurğulayıb.
Ratko Mladiç 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsada 8 mindən çox bosniyalı kişi və oğlanın öldürüldüyü soyqırımla əlaqədar beynəlxalq məhkəmə tərəfindən təqsirli bilinmişdi.
Aydın
Şərhlər