Siyasət 16:28 15.06.2022

Sergey Lavrov Bakıya niyə gəlir? - Politoloq

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, RF XİN rəhbəri Sergey Lavrov Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, Lavrovun Bakıya işgüzar səfəri iyunun 23-24-də baş tutacaq. Zaxarova Lavrovun Azərbaycan XİN başçısı ilə danışıqlarının planlaşdırıldığını bildirib:
 
"Azərbaycan prezidenti ilə görüş də gözlənilir. Görüşlərdə ikitərəfli münasibətlərin gələcək inkişafına dair bütün kompleks məsələlərə baxılacaq. Eləcə də, regional və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq. Əlbəttə ki, əsas diqqət yüksək səviyyəli üçtərəfli razılaşmaların həyata keçirilməsinə yönələcək”. 

Bu səfərin məqsədini Qaynarinfo-ya şərh edən politoloq Cümşüd Nuriyevin fikrincə, Lavrovun Bakıya gəlişi təbii sayılmalıdır:
 
"O, iyunun 8-də Türkiyədə Mövlud Çavuşoğlu ilə görüşdən sonra, Ankaranın mesajlarını İrəvana çatdırdı. İndi İrəvanda əldə edilən razılaşmaları da Azərbaycana çatdırmalıdır. Bu səbəbdən də Lavrovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Moskva Azərbaycan Ermənistan məsələsində təşəbbüsü ələ almaq istəyir. Hazırkı məqamda isə bu təşəbbüs Rusiyanın əlindən çıxmaq üzrədir. Ona görə də Moskva təşəbbüsü geri qaytarmaq üçün cəhdlər edir. Həm Ermənistana təzyiq göstərir, həm Türkiyə ilə razılaşmalara gedir. Eyni zamanda, Azərbaycan həqiqətlərini olduğu kimi icra etməyə çalışır ki, Qafqazda öz mövqeyini qoruyub saxlasın, həm də Türkiyə ilə münasibətlərini qoruya bilsin".

Rüfət Sultan