Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya beynəlxalq münasibətlərin hazırkı mərhələsini "yeni soyuq müharibə” hesab etmir. Moskva hesab edir ki, hazırda "çoxqütblü dünya nizamının formalaşması” baş verir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə İndoneziyanın "Kompas” qəzetinə bildirib. Müsahibə Rusiya Xarici İşlər Nazirliyinin saytında
dərc olunub.
"Biz beynəlxalq münasibətlərin hazırkı mərhələsini bir növ "yeni soyuq müharibə” kimi müəyyən etməyə meyilli deyilik. Söhbət başqa şeydən gedir - çoxqütblü dünya düzəninin formalaşmasından. Bu, obyektiv prosesdir”, - deyə Lavrov bildirib.
Rusiya hesab edir ki, qlobal əhəmiyyətli qərarların qəbulunun yeni mərkəzləri onun mövqelərini gücləndirir. Bu, Avrasiyada, Asiya-Sakit okean regionunda, Yaxın Şərqdə, Afrikada, Latın Amerikasında baş verir. Lavrovun sözlərinə görə, bu regionlardakı ölkələr və onların ittifaqları "milli maraqlar, müstəqillik, suverenlik, mədəni və sivilizasiya kimliyi və beynəlxalq əməkdaşlıq dəyərlərini qəbul edirlər. Yəni onlar tamamilə dünya inkişafı trendindədirlər və buna görə də yeni uğurlar qazanırlar”, - deyə rusiyalı nazir əlavə edib.
Sergey Lavrov hesab edir ki, ABŞ-ın rəhbərlik etdiyi "kollektiv Qərb” bu prosesləri ləngitməyə çalışır. Nazirin sözlərinə görə, koalisiya qlobal təhlükəsizliyi gücləndirmək və birgə inkişafla məşğul olmaq yox, "dünya işlərində hegemonluğunu qorumaq və neokolonial gündəliyi daha da həyata keçirmək” istəyir. "Və sadə dillə desək: vərdiş etdiyimiz kimi, problemlərimizi başqasının hesabına həll etməyə davam edin”, - deyə Lavrov Moskvanın mövqeyini izah edib.
Müsahibə NATO-nun Vilnüs sammitinin başlandığı gün dərc olunub. Birinci günün sonunda alyans ölkələri Rusiyanı alyansın təhlükəsizliyinə ən ciddi təhdid adlandırıblar. NATO bəyan edib ki, o, Rusiya ilə münaqişəyə can atmır və ona təhlükə törətmir, lakin Rusiya Federasiyası aqressiv davranışı dayandırmayana və beynəlxalq hüquq normalarına əməl etməyə başlayana qədər NATO-nun tərəfdaşı sayılmayacaq.
Nizami Bağırov