Ukrayna Rusiya ilə yeni saziş layihəsini açıqlayıb və bu sənədlə Kiyev martın 29-da İstanbulda keçirilən görüşdə qeyd edilən "mühüm təkliflərdən uzaqlaşdığını” göstərir. Belə bir açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
"Xatırladıram ki, İstanbul sənədində Ukrayna gələcək təhlükəsizlik zəmanətlərinin Krım və Sevastopola aid olmadığını açıq şəkildə ifadə ediblər. Dünənki layihədə isə bu ifadə yoxdur, əvəzində hansısa "effektiv nəzarət” haqqında qeyri-müəyyən ifadələr təklif olunur, üstəlik fevralın 23-nə olan vəziyyətə görə”, – Lavrov izah edib.
Bundan əlavə, Lavrov vurğulayıb ki, rəsmi Kiyev prezidentlərin görüşündə Krım və Donbas məsələsini müzakirə etməyi təklif edir, bu, qəbuledilməzdir. Rusiya XİN başçısı xatırladıb ki, sənədin əvvəlki variantında xarici kontingentlərin iştirak etdiyi istənilən hərbi təlimlər bütün qarant ölkələrin, o cümlədən Rusiyanın razılığı ilə keçirilir:"Lakin dünən daxil olan müqavilə layihəsində bu birmənalı müddəa da dəyişdirilib. İndi söhbət qarant dövlətlərin əksəriyyətinin razılığı ilə Rusiyanın adını çəkmədən təlimlərin keçirilməsinin mümkünlüyündən gedir”.
Onun fikrincə, bütün bunlar Kiyevin danışıqlar aparmaq iqtidarında olmadığını, əldə edilmiş anlaşmalardan kənara çıxmaqla danışıqları ləngitmək və hətta baltalamaq xəttini nümayiş etdirir. Lavrovun bu açıqlaması həqiqətdirsə, deməli Kiyev hansısa məqamları əsas tutaraq İstanbulda əldə edilən razılaşmadan müəyyən qədər kənara çıxmağa çalışır. Bu da başa düşüləndir. Belə ki, heç bir normal dövlət, onun rəhbəri ərazisinin müəyyən hissəsinin itirilməsilə barışa bilməz. Krım və Sevastopola gəldikdə, Kiyev həmin ərazilərlə bağlı məsələnin sadəcə 15 illiyə dondurulmasına razılıq verib. Bu isə heç bir hada, Ukraynanın adı çəkilən bölgələrdən imtinası anlamına gəlməməlidir. Belə sual yaranır ki, hansı proseslər Kiyevi İstanbulda əldə edilən sazişdən müəyyən qədər uzaqlaşmağa sövq edib. Güman ki, burada Rusiya qoşunlarının Ukraynanın şimal və şimal-şərqindən çıxmağa məcbur olması faktı rol oynayıb. Bildiyimiz kimi, Rusiya Kiyev, Çerniqovdan öz sərhədinə doğru geri çəkilib. Bu fonda yaranmış situasiyada sözügedən ərazilərdə rus qoşunlarını geri oturdurmağa nail olan Ukraynanın üstün mövqeyə keçdiyi hiss olunur. Görünür, bu məqam Kiyevin İstanbulda razılaşdırılan sənəd ətrafında manevr etməsinə imkan yaradıb. Ola bilsin, Kiyevin İstanbul sənədi ətrafında fərqli mövqe sərgiləməsində Qərbin dəstəyi də öz sözünü deyib. Son zamanlar Qərb alyansının Kiyevə dəstəyi durmadan artır. Hiss edilir ki, Qərb Rusiyanı Ukraynada tam şəkildə küncə sıxışdırmaqda maraqlıdır. Kiyev üzərindən rus təhlükəsinin sovuşması isə bu marağın reallaşması imkanlarını artırıb. Bu səbəbdən də Kiyev məhz Qərbin verdiyi ciddi dəstək fonunda İstanbul sənədi ətrafında manevr etməyə başlayıb.
Bu kimi təzyiqlərlə Qərb çətin vəziyyətə düşən Moskvanı Ukraynanın daha çox marağına cavab verən başqa bir sənədin imzalanmasına vadar etmək istəyir. Digər tərəfdən, Lavrovun həmin açıqlaması həqiqəti əks etdirmirsə, deməli belə bir yalanın yayılmasında Kremlin özü maraqlıdır.
Mətbuatda Kiyev ətrafından geri çəkilən Rusiya qüvvələrinin Donbas ətrafını "azad” etmək adı altında orada cəmləşmək niyyətində olduğu bildirilir. Görünür, məhz həmin hücuma bəhanə vermək üçün Kreml Kiyevin İstanbul sənədində qeyd edilən müddəalardan uzaqlaşmağa çalışdığı barədə dezinformasiyanı ortaya atıb.
Rüfət Sultan