XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sərxoş halda evə gələn kişiyə sevgilisi irad tutdu, o isə qadını döydü
Dünya17:26 28.08.2026

Sərxoş halda evə gələn kişiyə sevgilisi irad tutdu, o isə qadını döydü

Abşeron rayonunda qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı qadını döyərək ona xəsarət yetirən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, təqsirləndirilən şəxs evə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində gəlib. Həmin vaxt onunla təxminən 12 ildir qeyri-rəsmi ər-arvad münasibətində yaşayan zərərçəkmiş şəxs kişinin sərxoş halda evə gəlməsinə irad bildirib.

Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin üzərinə hücum edərək yumruq və təpiklə onun sifət, baş və ayaq nahiyələrinə zərbələr endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin aldığı xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olub.

Zərərçəkmiş hadisədən sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək polisə məlumat verib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmədə təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində həmin gün spirtli içki qəbul etdiyini və zərərçəkmiş şəxsin iradından əsəbiləşərək onu döydüyünü etiraf edib.

Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxslə barışdığını və qarşı tərəfin ondan şikayətinin olmadığını bildirib.

Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxslə barışdığını deyib. Bununla yanaşı, ona dəymiş ziyanın ödənilməsini və müalicə xərclərinin qarşılanmasını tələb edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Seyid