XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sərxoş halda şərab evinə oğurluğa girdi, kameraları görüb prosessoru da apardı
Ölkə17:07 04.09.2026

Sərxoş halda şərab evinə oğurluğa girdi, kameraları görüb prosessoru da apardı

Ağcabədi şəhərində “İpək Yolu 555” adlı şərab evindən pul, siqarilla və müxtəlif avadanlıqlar oğurlayan şəxsin cinayət işi üzrə məhkəmə hökmü çıxarılıb.

Qaynarinfo xəbər verir ki, təqsirləndirilən şəxs gecə saatlarında şərab evinin qapısını açaraq içəri daxil olub. O, buradan 420 manat pul, 10 ədəd “Handels Gold” markalı siqarilla, “Viva” markalı kompüter prosessoru və iki kassa aparatı götürüb. Oğurlanan əmlakın ümumi dəyərinin 1120 manat olduğu göstərilib.

Məhkəmədə təqsirləndirilən şəxs ittiham üzrə özünü tam təqsirli bilib. Onun ifadəsinə görə, hadisədən əvvəl Hadrut qəsəbəsində ev təmiri ustası kimi işləyib. Hadisə günü işdən bir günlük icazə alaraq Ağcabədidə yaşayan valideynlərinin yanına gəlib.

Həmin axşam spirtli içki qəbul etdiyini deyən təqsirləndirilən şəxs daha sonra pivə almaq üçün evdən çıxıb. Gecə saat 2 radələrində “İpək Yolu 555” şərab evinin qarşısından keçərkən içəridə spirtli içkilərin olduğunu görüb və obyektə daxil olmaq qərarına gəlib.

O, qapının bağlı olduğunu görərək çiyni ilə plastik qapıya vurub və qapını aralayaraq içəri keçib. Təqsirləndirilən şəxs əvvəlcə anbarda çoxlu sayda spirtli içki gördüyünü, lakin oradan heç nə götürmədiyini bildirib.

Daha sonra əsas zala daxil olaraq kassaya yaxınlaşıb. Kassanın açarının üzərində olduğunu görən şəxs açarla kassanın qapısını açıb və oradakı 420 manatı götürərək cibinə qoyub. Həmçinin vitrindən 10 ədəd “Handels Gold” markalı siqarilla götürüb.

Təqsirləndirilən şəxs şərab evində müşahidə kameralarının quraşdırıldığını gördükdən sonra görüntülərin məhv edilməsi məqsədilə kameraların prosessorunu da aparmaq qərarına gəldiyini deyib. O, prosessor bloku ilə yanaşı, iki kassa aparatını da götürüb. Lakin sonradan həmin əşyaların kassa aparatları olduğunu başa düşdüyünü bildirib.

Oğurladığı prosessor və kassa aparatlarını xəstəxananın həyətinə atan şəxs daha sonra 420 manat pul və siqarillaları özü ilə götürərək ərazidən uzaqlaşıb.

Onun sözlərinə görə, Xocavənd rayonuna getdikdən sonra atası zəng edərək oğurluqdan xəbərdar olduğunu bildirib və evə qayıtmasını istəyib. Təqsirləndirilən şəxs geri qayıdaraq törətdiyi əməli atasına etiraf edib.

Daha sonra atası ilə birlikdə prosessor və kassa aparatlarını atdığı yerdən götürərək şərab evinə qaytarıb. Oğurlanmış 420 manat pul və siqarillaların dəyəri də sahibinə ödənilib. Beləliklə, iş materiallarına əsasən, şərab evinə dəymiş maddi ziyan tam ödənilib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (oğurluğun yaşayış sahəsinə, habelə saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi) ilə təqsirli bilib.

Ona 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şübhəli şəxs qismində tutulduğu 2 gün də təyin olunmuş cəza müddətindən çıxılıb.

Nəticədə onun üzərində 2 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid