Qaynarinfo "Financial Times” qəzetinin Səudiyyə Ərəbistanı neft hasilatı ilə bağlı məqaləsini təqdim edir.
Ər-Riyad enerji sanksiyaları Moskvanı vurduğu vaxtda neft qiymətlərinə "nəzarəti itirməməli” olduğunu bilir.
Müzakirələrdən xəbərdar olan beş nəfərin sözlərinə görə, Səudiyyə Ərəbistanı Qərb müttəfiqlərinə Rusiyanın hasilatı sanksiyaların ağırlığı altında əhəmiyyətli dərəcədə aşağı düşərsə, neft hasilatını artırmağa hazır olduğunu bildirib.
Krallıq, neftin qiymətinin bir barel üçün 120 dollara yaxın qalxmasına baxmayaraq, Ağ Evin hasilat artımını sürətləndirmək çağırışlarına müqavimət göstərərək, enerji böhranının bu il əhəmiyyətli dərəcədə pisləşə biləcəyini iddia edir. Səudiyyə Ərəbistanı əlavə istehsal gücünü ehtiyatda saxlamalı olduğuna inanır.
Lakin AB-nin Moskvaya qarşı növbəti sanksiya raunduna, o cümlədən Rusiya neftinin dəniz yüklərinin AB blokuna idxalına qadağa qoyulmasından sonra açıq şəkildə tədarük çatışmazlığı qorxusu artıb.
AB həmçinin bu ilin sonunda Rusiya neftini daşıyan gəmilərin sığortasını qadağan etmək üçün Böyük Britaniya ilə razılaşmaya gəlib. Analitiklərin fikrincə, bu Moskvanın nefti digər bölgələrə yönləndirmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdıracaq.
"Səudiyyə Ərəbistanı risklərdən xəbərdardır və neft qiymətlərinə nəzarəti itirmək onların maraqlarına uyğun deyil" - krallığın düşüncəsi haqqında məlumat verən bir şəxs deyib.
Cümə axşamı neftin qiyməti 116,29 dollardan ucuzlaşaraq 112,80 dollar/barelə enib. Qiymətlər bu həftə bir barel üçün iki ayın ən yüksək səviyyəsinə 120 dollardan yuxarı çatıb.
OPEC+ neft istehsalçı ittifaqı aylıq toplantısı öncəsi müzakirələr haqqında məlumat verən diplomatlar və sənaye mənbələrinə görə, Səudiyyə Ərəbistanının nöqteyi-nəzəri odur ki, neft bazarı, şübhəsiz ki yüklənib və bu da qiymət artımına səbəb olub, ancaq hələ ki həqiqi qıtlıq yoxdur.
Ancaq bu, Covid-19-dan sonra qlobal iqtisadiyyatın bərpası, o cümlədən Çində böyük şəhərlərin yenidən açılması tələbi artırdığı üçün dəyişə bilər, eyni zamanda Rusiyanın neft hasilatının əhəmiyyətli dərəcədə azalması ehtimalı böyüyüb. Rusiya Ukraynanı işğal etməzdən əvvəl qlobal xam neftin 10 faizindən çoxunu istehsal edirdi.
ABŞ və Səudiyyə Ərəbistanı rəhbərliyi arasında, o cümlədən krallığın faktiki hökmdarı olan vəliəhd şahzadə Məhəmməd bin Salman arasında gərginlik yaşanıb. Səudiyyə Ərəbistanı dəfələrlə Ağ Ev və G7-nin hasilat artımını sürətləndirmək çağırışlarını rədd edib.
Bununla belə, diplomatiya ilə tanış olan mənbənin verdiyi məlumata görə, son həftələrdə ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətinin, o cümlədən Ağ Evin Yaxın Şərq siyasəti üzrə koordinatoru Brett Makqurk və Ağ Evin enerji elçisi Amos Hokşteyn də daxil olmaqla bir neçə səfər əlaqələri yaxşılaşdırmağa kömək edib.
Danışıqlarla tanış olan insanlar Səudiyyə Ərəbistanının Co Bayden administrasiyası ilə yaxınlaşma çərçivəsində qiymətləri normallaşdırmağa çalışmaq üçün tonunu dəyişməyə razı olduğunu deyir. O, həmçinin neft bazarında tədarük böhranı baş verərsə, hasilatı artırmaqla cavab verəcəyinə dair arxayn edib.
Rəhbərliyin düşüncəsinə bələd olan səudiyyəli şərhçi Əli Şihabi prezident Baydenin bu ilki mümkün səfəri ərəfəsində münasibətləri hamarlaşdırmaq səylərinə toxunaraq, "ABŞ tərəfindəki maddi müsbət hərəkətə cavab olaraq belə addımlar mümkündür", - deyir.
Diplomatik mənbələrdən biri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən hasilatın dərhal artırılması ilə bağlı müzakirələrin aparıldığını və cümə axşamı OPEC+ toplantısında bunun elan edilə biləcəyini deyib. Lakin hələ heç nə yekunlaşdırılmayıb və OPEC+ hələ də Covid böhranının başlanğıcından bəri mövcud olan istehsal planına sadiq qala bilər.
Mənbənin sözlərinə görə, sentyabr ayına planlaşdırılan hasilat artımı iyul və avqust aylarına çəkiləcək, baxmayaraq ki, ilk öncə qrup dəyişikliyi təsdiqləməlidir.
JPMorgan-ın neft və qaz departamentinin rəhbəri Kristian Malek Səudiyyə Ərəbistanının "bazarda baş verə biləcək hadisələrə cavab verə bilmək üçün kifayət qədər ehtiyat rezervinin olmasına inandığı” üçün hələ də "bütün ehtiyat gücünü istifadə etməkdən ehtiyatlanır” deyir.
"İndi bütün ehtiyat gücünü tükəndirmək üçün erkən olsa da, bazar nəzarətdən çıxmağa başlayarsa, onlar cavab verməyə istəkli olacaqlar. Onlar ehtiyat gücü neftin qiymətinin daha böyük tənəzzül riskinə qarşı son müdafiə xətti kimi görürlər”.
Səudiyyə Ərəbistanının enerji naziri, vəliəhdin ögey qardaşı şahzadə Əbdüləziz bin Salman Rusiyanı hələ də OPEC+ ittifaqında kritik tərəfdaş kimi gördüyünü vurğulayıb. Ölkələr 2016-cı ildən genişləndirilmiş neft istehsalçıları qrupuna başçılıq edir.
Bununla belə, hasilat əhəmiyyətli dərəcədə azalarsa, Moskvaya hasilat öhdəliyindən azad olmaq təklif oluna bilər. Həm Liviya, həm də İran əvvəllər müharibə və sanksiyalar onların hasilat imkanlarına mane olduğu zaman OPEC+ hədəflərindən azad edilmişdilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftə Ər-Riyada səfər edərək Səudiyyə və BƏƏ həmkarları ilə görüşəcək. Onlar OPEC+ çərçivəsində əməkdaşlığı davam etdirməklə bağlı razılıqlarını bir daha təsdiqləyiblər. Neft ixracatçıları qrupu 2020-ci ilin aprel ayında hasilatı kəskin şəkildə azaldıb, lakin hər ay bir qədər hasilata əlavə edir.
"Səudiyyə-ABŞ münasibətləri yaxınlaşmağa doğru getsə belə, krallıq Rusiyadan üz döndərmək niyyətində deyil",- "Energy Aspects” məsləhətçilərindən Amrita Sen deyib.
Nurlan Hüseynov