Xəbər lenti

Dünya 17:29 11.01.2024

Seuldan xəbərdarlıq: Kim Çen Rusiyaya yeni tip ballistik raketlər sata bilər

Cənubi Koreyanın müdafiə naziri Şin Von Sik bildirib ki, Şimali Koreya Moskvanın Ukrayna ilə müharibəsində istifadəsi üçün təklif etdiyi yaxın mənzilli ballistik raketlərə əlavə olaraq Rusiyaya yeni taktiki idarə olunan raket növləri sata bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Yonhap” agentliyinə müsahibəsində bildirib.

Müdafiə naziri həmçinin bildirib ki, Şimali Koreya bu ay orta mənzilli qatı yanacaqlı ballistik raketlərini sınaqdan keçirə bilər və Cənubi Koreya və Birləşmiş Ştatlarda mühüm seçkilər ərəfəsində gərginliyi artırmaq üçün uzaq mənzilli raket buraxa bilər. 

Şin bildirib ki, Şimali Koreya dövlət mediasının lider Kim Çenin bu həftənin əvvəlində hərbi zavoda səfəri zamanı nümayiş etdirdiyi silah sistemi, taktiki nüvə silahı daşıya bilən yaxın mənzilli ballistik raketlər kimi görünür.

"Şimali Koreya 2022-ci ilin aprelində ilk dəfə olaraq yaxın mənzilli ballistik raketi sınaqdan keçirib. Bu, 100-180 kilometr təxmin edilən mənzilə malik yeni silah növüdür", - Şin bildirib.

Şin, Kimin hərbi zavoda son səfərinin Şimali Koreyanın Rusiyaya potensial silah satışı ilə əlaqəli ola biləcəyini ehtimal edib. 

"Şimali Koreya cəbhə bölgəsində qoşunlarla birlikdə yaxın mənzilli ballistik raketlər yerləşdirəcəyini söyləyib. Son silah ticarətini nəzərə alsaq, Şimali Koreya onları Rusiyaya sata bilər", - Şin qeyd edib.

Şin Şimali Koreyanın KN-23 yaxın mənzilli ballistik raketlərini Rusiyaya satacağına işarə edib.

Ağ Ev bu yaxınlarda Şimali Koreyanın Rusiyaya ballistik raket buraxılış qurğuları və 900 km mənzilli bir neçə ballistik raket təqdim etdiyini göstərən kəşfiyyat məlumatlarını açıqlayıb.

Şin hesablamalara istinad edərək bildirib ki, dekabrın sonunda Şimali Koreya Rusiyaya tutumu 2,3 milyon 152 millimetr çaplı mərmi və ya təxminən 400 min 122 millimetr çaplı artilleriya mərmisi olan 5 minə yaxın silah konteyneri verib.

Cənubi Koreyalı nazir Pxenyanın casus peyki də daxil olmaqla, silah ticarəti müqabilində Rusiyanın Şimali Koreyanın silah proqramına texnoloji yardım göstərməsi ehtimalından narahatlığını ifadə edib.

"Şimali Koreyanın noyabrda orbitə buraxılan casus peyki ibtidai növ sayılır. Əgər Rusiya texnoloji yardım göstərməyə davam edərsə, peykin imkanlarının yaxşılaşacağı gözlənilir", - Şin bildirib.

Nazir deyib ki, Şimali Koreya strateji maraqlarını qorumaq üçün apreldə Cənubi Koreyada keçiriləcək parlament seçkiləri və noyabrda ABŞ prezident seçkiləri ərəfəsində müxtəlif formalarda təxribatlar törədə bilər.

Seul rəsmiləri hesab edir ki, Pxenyan qatı yanacaqla işləyən orta mənzilli ballistik raket hazırlayır və onlar potensial olaraq ABŞ-ın Yaponiya və Quamdakı hərbi bazalarına yönələ bilər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->