Xəbər lenti

Si Szinpin qəfildən BRICS-də biznes forumu buraxdı - Səbəbi heç kim bilmir
Dünya 16:17 23.08.2023

Si Szinpin qəfildən BRICS-də biznes forumu buraxdı - Səbəbi heç kim bilmir

Çərşənbə axşamı Çin lideri Si Szinpin gözlənilmədən Cənubi Afrika Respublikasında keçirilən BRICS biznes forumunu buraxıb və öz yerinə ABŞ hegemonluğunu pisləyən çıxışla diqqət çəkən ticarət nazirini göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazır

Ən böyük inkişaf etməkdə olan iqtisadiyyatları bir araya gətirən illik BRICS sammitində iştirak etmək üçün bazar ertəsi Yohannesburqa gələn Si çərşənbə axşamı günortadan sonra Hindistan, Braziliya və CAR liderləri ilə birlikdə biznes forumda çıxış etməli idi.

Lakin Çin lideri tədbirdə görünməyib və rəsmi Pekin baş verənlərlə bağlı açıqlama verməyib.

ABŞ-a qarşı yönəlmiş nitqi Çinin ticarət naziri Van Ventao tərəfindən oxunub.

Si bəyanatında dünyanı "yeni soyuq müharibənin uçurumuna düşməkdən” çəkinməyə çağırıb.

Birbaşa ABŞ-a istinad etmədən, o, "hegemonluğunu qorumaq ideyasına aludə olan müəyyən ölkə inkişaf etməkdə olan və formalaşan bazar ölkələrinə zərər vermək üçün hər cür səy göstərir" deyib. 

"Çin iqtisadiyyatı möhkəmliyə, böyük potensiala və böyük həyatı gücə malikdir. Çinin uzunmüddətli artımını dəstəkləyən əsaslar dəyişməz qalacaq. Çin iqtisadiyyatının nəhəng gəmisi dalğaları kəsməyə və irəliləməyə davam edəcək", - çıxışda deyilir. 

Si biznes forumda iştirak etməyən yeganə BRICS lideri olub. Hətta Beynəlxalq Cinayət Məhkəməsinin beynəlxalq həbs orderinə görə sammiti buraxan Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə çıxış edib.

Bir neçə saat sonra Si Cənubi Afrika, Braziliya və Hindistan liderləri, eləcə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla şam yeməyinə qatılıb. Təhlilçilər qeyd edirlər ki, çıxışın ləğvi barədə qərar son anda verilib, belə ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən dövlət mediasında və sosial şəbəkələrdə dərc olunan məlumatlar Sinin şəxsən çıxış etdiyinə işarə edir.

Dövlət xəbər agentliyi Sinxua-nın iclasla bağlı materialında Sinin olmaması və ya onun çıxışının ticarət naziri Van tərəfindən oxunması qeyd olunmayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin, hadisədən bir neçə saat sonra Tvitter hesabında Sinin 2023-cü il BRICS Biznes Forumunun bağlanış mərasimində çıxış etdiyini bildirib və dolu iclas zalının fotosunu paylaşıb. 

Sinin çıxışı onun bu il xaricdə ilk ictimai çıxışı olacaqdı. Cənubi Afrikadan əvvəl Çin lideri 2023-cü ildə Rusiyaya səfəri zamanı xaricdə cəmi iki gün olub.
Tədbirdə Sinin yoxluğu müşahidəçilərin suallarına səbəb olub.

"Çin liderinin çoxtərəfli görüşə ev sahibliyi edən, xüsusən də Çinin böyük sərmayə qoyduğu bir ölkəyə səfər etməsi və tədbirin açılışına gəlməməsi olduqca qeyri-adi haldır", - Alman Marşal Fondunun Hind-Sakit Okean Proqramının icraçı direktoru Bonni Qlazer bu barədə CNN telekanalına müsahibəsində bildirib.  

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Çin Enerji Layihəsinin tədqiqatçısı Brayan Hart, Sinin forumda iştirak etməməsinin olduqca qeyri-adi hal olduğunu söyləyib və əlavə edib ki, Çin liderləri bu cür yüksək səviyyəli tədbirlərdə nadir hallarda protokoldan yayınırlar.

"Görünür, nə isə Sini görüşdə iştirak etməməyə məcbur edib. Bu, sağlamlıqla bağlı bir hadisə və ya onun diqqətini tələb edən təcili bir məsələ ola bilərdi. Ola bilsin ki, Si başqa səbəbdən tədbiri buraxıb, ola bilsin ki, sammitdə baş verən hadisələrə cavab olaraq”, - o bildirib. 

Məşhur Çin xəbər bülleteni Sinocism-in müəllifi Bill Bişop qeyd edib ki, Si bu ay uzun müddətdir ictimaiyyət arasında görünmürdü, bu bir qədər qəribə görünür.
"Biznes forumunu buraxmaq barədə son dəqiqədə verilən qərar daha da qəribə görünür. Beləliklə, ÇXR-dən hər hansı ağlabatan məlumat olmasa, şayiələr yayılmağa davam edəcək”, - Bişob bildirib. 

"Bloomberg" qeyd edir ki, çinli siyasətçilər bəzən Sinin mesajlarını tədbirlərdə, məsələn, baş nazirin müavini Din Syuesyan mart ayında Çin İnkişaf Forumunda çıxışı kimi oxuyurlar. Amma bu adətən Çin Xalq Respublikasının sədri tədbirdə şəxsən iştirak etmədikdə baş verir.

Belə bir fikir var ki, Si biznes-forumda ondan daha vacib, öz nöqteyi-nəzərindən siyasi xarakterli görüşlərə üstünlük verdiyi üçün iştirak etməyib.

"Aydındır ki, Si Cinpin biznes və iqtisadiyyatdan daha çox siyasi məsələlərə, təhlükəsizlik məsələlərinə əhəmiyyət verir. Buna görə də, o, seçim etməli olduğu bir vəziyyətdə olsa, siyasi və təhlükəsizlik məsələlərini iqtisadi məsələlərdən üstün tutması məni təəccübləndirməz", - keçmiş Pentaqon rəsmisi və hazırda Sinqapurda Li Kuan Yu adına İctimai Siyasət Məktəbinin baş elmi işçisi Dru Tompson bildirib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->