Xəbər lenti

İdman 12:30 17.06.2023

Silahla görüntülərini paylaşan basketbolçunun cəzası açıqlandı

NBA-nın İdarə Heyəti "Memfis Qrizlis"in ulduzu Ja Morantla bağlı son qərarını açıqlayıb.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, basketbolçu 25 oyunluq cəzalandırılıb. NBA-dan verilən açıqlamada eyni səbəbdən ötən mövsümün mart ayında yarışlardan 8 oyunluq uzaqlaşdırılan Moranta dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq rəftarını dəyişmədiyi və azyaşlı uşaqlara pis nümunə olduğu əsas gətirilərək 25 matçlıq cəzalandırıldığı bildirilib. Morantın mövsümöncəsi məşqdə iştirakına və yoldaşlıq görüşlərində oynamasına da icazə verilməyəcək. Cəza bitdikdən sonra o, yalnız psixoloji yoxlamalardan keçə bilsə, meydana çıxmasına icazə veriləcək.

Sosial media hesabında cəzalandırılmasına münasibət bildirən 23 yaşlı basketbolçu, "Nə qədər insanı incitdiyimi başa düşməyə vaxtım oldu. NBA-dan, klubumdan, komanda yoldaşlarımdan və memfislilərdən üzr istəyirəm. Bu mövsümöncəsi dövrdə psixi sağlamlığımı və qərar vermə qabiliyyətimi yaxşılaşdırmağa, məşqlərimi davam etdirməyə, meydançaya qayıtmağa çalışacağam. Ümid edirəm ki, lazım olan irəliləyişə nail olacağam. Başqa bir fürsət verilsə, bundan yaxşı istifadə edəcəyəm” - sözlərini deyib.

Bu ilin martında gecə klubunda rəqs edərkən çəkdirdiyi videonun bir hissəsində əlindəki silahı göstərən amerikalı basketbolçu görüntünü İnstaqram hesabından canlı yayımlayıb. Bu hərəkətinə görə 8 oyunluq cəzalandırıldıqdan sonra meydanlara qayıdan Morant may ayında yenə İnstaqramda canlı yayımda silahla poza verib və qeyri-müəyyən müddətə heyətdən kənarlaşdırılıb. 

Morant ötən mövsüm pley-off oyunlarında orta hesabla 24,6 xal, 7 asist və 6,8 ribaund əldə edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->