
Şimali Koreya lideri Kim Çen İn Quam adasında yerləşən ABŞ-a aid hərbi bazaya hücum planı barədə danışıb.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Şimali Koreya lideri Quama hücumun gerçəkləşməsinin ABŞ-ın addımlarından asılı olduğu vurğulayıb.
Bildirilir ki, Kim Çen İn planı analiz edib, dəyərləndirmə aparıb və "Əgər ABŞ Koreya yarımadasında gərginliyi azaltmaq istəyirsə, bunu addımları ilə sübut etməli və düzgün qərarlar qəbul etməlidir" deyib. Bundan əlavə, Kimin raket hücumuna hazır olmaq əmri verdiyi deyilir.
Qeyd edək ki, Şimali Koreya ötən həftə ABŞ prezidenti Donald Trampın nüvə silahı hədələrindən sonra Quama 4 ədəd raket atacağı barədə məlumat yaymış və bunun avqustun ortalarına planlaşdırıldığını demişdi.
Lakin son günlərdə Çin, Cənubi Koreya və s. ölkələr, həmçinin BMT iki ölkəni diplomatik həll yoluna çağırır və məsələnin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildirirlər.
Gülşən
Qaynarinfo.Az