Birləşmiş Millətlər Təşkilatı Şimali Koreyanın Suriyada istehsal olunan kimyəvi silahlar üçün müəyyən avadanlıq təchizatı həyata keçirməsi barədə hesabat yayımlayıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu materiallar arasında kimyəvi maddələrə davamlı kirəmitlər, klapan, termometr və borular var. Hesabatda Şimali Koreyadan olan raket mütəxəssislərinin Suriyada çalışdığı və silahqayırma prosesində iştirakı iddia olunur. Bu bəyanat, ötən günlərdə Suriya ordusu tərəfindən Şərqi Qutada xlor qazının istifadəsindən sonra verilib. Lakin Bəşər Əsəd höküməti bu informasiyanı rədd edir.
2016-cı ilin sonu və 2017-ci ilin əvvəlində Şimali Koreya ilə işləyən Çin firmasına aid gəmi Suriyaya göndərilmişdi. Bildirilir ki, Suriya höküməti vasitəçi firmalar vasitəsilə Şimali Koreyaya ödənişlər edir. Əsəd höküməti isə ölkədəki Şimali Koreya vətəndaşlarının idmançılar və məşqçilərdən ibarət olduğunu qeyd edir.
Qeyd edək ki, 2013-cü ildə Qutada istifadə edilən sarin qazı yüzlərlə insanın ölümünə səbəb olmuşdu. Hadisədən sonra Suriya Kimyəvi Silah Konvensiyasına qoşuldu. Lakin o ildən bəri ölkədə kimyəvi silahlardan istifadə halları dəfələrlə qeydə alınıb.
Gülşən