ABŞ ordusunun sui-qəsd nəzəriyyələrinə mövzu olan Nevada sınaq və təlim ərazisi, yəni "51-ci bölgə" kimi tanınan hərbi zona son günlər yeni iddialarla yenidən gündəmə gəlib. Sirli hərbi obyektin yaxınlığında ardıcıl baş verən çoxsaylı zəlzələlərdən sonra burada gizli sınaqların aparıldığı ilə bağlı müzakirələr yenidən güclənib.
Qaynarinfo xəbər verir ki, Nevada ştatının cənubunda, Las-Veqas şəhərindən təxminən 130–150 kilometr şimalda yerləşən hərbi obyekt ətrafında may ayının əvvəlində 24 saat ərzində 17-dən çox zəlzələ qeydə alınıb. 2,5–4,4 bal arasında dəyişən təkanlar, əsasən dünya xarici həyat və yad texnologiyalarla bağlı iddialarla gündəmə gələn hərbi obyektə yaxın ərazilərdə cəmlənib. ABŞ ordusunun 1951–1992-ci illər arasında nüvə silahı sınaqları apardığı bu bölgədə baş verən ardıcıl təkanlar, gizli nüvə sınaqları ehtimalını da gündəmə gətirib.
ABŞ Geoloji Araşdırmalar Xidmətinin ("USGS") məlumatına görə, 4,4 bal gücündə zəlzələ çərşənbə günü günorta saat 15:00-dan bir qədər sonra yerin təxminən 4 kilometr dərinliyində baş verib və ardınca ondan çox zəif təkan qeydə alınıb. Quruma 100-dən çox insan zəlzələni hiss etdiyini bildirib.
Gizli nüvə sınağı ehtimalı
Geologiya tədqiqatçısı və məzmun yaradıcısı Stefan Börns sosial şəbəkə platforması "X” üzərindən etdiyi paylaşımda 4,4 bal gücündə zəlzələnin qeyri-adi bir ərazidə baş verdiyini bildirib. O, bunun böyük ehtimalla təbii zəlzələ olduğunu qeyd etsə də, seysmik məlumatlarda bəzi qeyri-müəyyənliklərin mövcud olduğunu vurğulayıb.
Börnsun paylaşdığı video qısa müddətdə sui-qəsd nəzəriyyəçiləri arasında geniş yayılıb. O, hadisənin "gizli yeraltı nüvə sınağı” olub-olmaması ehtimalının da müzakirəyə açıq olduğunu bildirib. Sosial şəbəkə istifadəçilərinin bir qismi isə bunun nüvə sınağı ola biləcəyini iddia edərək "hökumətin niyyəti yaxşı deyil” kimi şərhlər yazıblar.
Digər tərəfdən, 51-ci bölgənin yerləşdiyi Nevada ştatı seysmik baxımdan aktiv zona hesab olunur və burada tez-tez zəlzələlər qeydə alınır. Mütəxəssislərə görə, son zəlzələnin səthə yaxın baş verməsi onun daha güclü hiss olunmasına səbəb olub.
Ölüm hadisələri ilə əlaqə iddiaları
Hadisələri daha da gündəmə gətirən digər məqam isə son illərdə nüvə və aviasiya tədqiqatları ilə əlaqəli ən az 10 alimin ölümü və ya itkin düşməsi ilə bağlı ABŞ-da aparılan federal araşdırmadır. ABŞ Konqresi aprel ayının sonunda 11 amerikalı alimin ölümü və itkin düşməsi ilə bağlı istintaq başladıldığını açıqlayıb.
ABŞ Nümayəndələr Palatasının Nəzarət və Dövlət İslahatı Komitəsinin sədri Ceyms Kumer bu şəxslərin nüvə və kosmos proqramları ilə əlaqəli mühüm mövqelərdə çalışdığını bildirib və hadisələrin milli təhlükəsizlik məsələsi kimi araşdırılmalı olduğunu qeyd edib. O, Pentaqon, Federal Təhqiqat Bürosu (FTB), Energetika Nazirliyi və ABŞ Aeronavtika və Kosmos Agentliyindən (NASA) brifinqlər tələb olunacağını açıqlayıb.
ABŞ rəsmiləri isə indiyədək bu hadisələr arasında birbaşa əlaqə olduğuna dair sübut olmadığını bildirirlər. Prezident Donald Tramp isə açıqlamasında hadisələrin "təsadüfi” olmasını ümid etdiyini və hökumətin prosesi izlədiyini qeyd edib.
2024–2026-cı illər arasında ABŞ-da nüvə enerjisi, aviasiya və müdafiə sənayesi kimi strateji sahələrdə çalışan mütəxəssislərlə bağlı bir sıra ölüm və itkin halları qeydə alınıb. Bu hadisələr Konqres tərəfindən araşdırılır və hazırda onların təsadüfi, yoxsa koordinasiyalı fəaliyyətin nəticəsi olub-olmadığı qiymətləndirilir.
Bütün bu hadisələrin 51-ci bölgə ətrafında baş verən zəlzələlərlə eyni dövrə təsadüf etməsi isə sui-qəsd nəzəriyyələrini daha da gücləndirib.
Aydın
Şərhlər