“Rüstəm İbrahimbəyov da Moskvada oturub, “Milyarderlər İttifaqı”ndan aldığı təlimatlar əsasında bu prosesi həyata keçirməyə çalışır”
“Azərbaycan hakimiyyəti islahatlar həyata keçirir”
Bunu Qaynar.info-ya siyasi şərhçi Qabil Hüseynli ölkədəki ictimai-siyasi durumdan danışarkən deyib. Politoloqun sözlərinə görə, ölkə prezidenti seçkilərə hazırlaşır: “Seçkilər ərəfəsində müəyyən kadr islahatları keçirməyə çalışır. Bu islahatlar çərçivəsində müəyyən kadrlar vəzifələrini itirir, onların əvəzinə yeni, daha cavan kadrlar təyin edilir. Bir sözlə, prezident əhali arasında öz reytinqini qaldırmaq, xalqın ona olan etimadını gücləndirmək üçün siyasi idarəetməni təkmilləşdirməyə çalışır”.
Müxalifətin hazırki durumuna da toxunan siyasi şərhçi qeyd edib ki, müxalifətin birləşmək cəhdinə bir proses kimi baxır: “Amma müxalifətin müəyyən birliklər yaratmaq cəhdinə kənardan müdaxilələrin, xüsusilə də Rusiyadan müdaxilələrin olduğunu da istisna etmirəm. Məsələn, Milli Şura ideyası, fikrimcə, təhlükəli bir ideyadır. Çünki bu Rusiyanın siyasi mətbəxində hazırlanmış bir ideyaya bənzəyir. Rüstəm İbrahimbəyov da Moskva da oturub, “Milyarderlər İttifaqı”ndan aldığı təlimatlar əsasında bu prosesi həyata keçirməyə çalışır. Təəssüf edirəm ki, dünənə qədər qərbpərəst mövqedə dayanan müxalifət bu gün ruspərəst mövqedə dayanan “Milli Şura” ətrafında birləşməyə çalışır. Mən bunu uğur adlandıra bilmərəm. Bunu, sadəcə, indiyə qədər etiqad edilmiş dəyərlərdən imtina prosesi kimi qiymətləndirirəm”. İlkin Qaynar.info