Dünya 17:25 07.09.2022

Siz İrəvanda işləyə, Moskvada yaşaya bilərsiniz - Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin rus şirkətlərinin Ermənistanda yerləşməyə qərar verməsində heç bir qəbahət görmür.

Qaynarinfo SE-yə istinadla xəbər verir ki, o, bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasında bildirib.

"Biz Rusiya biznesinə xeyir verən hər şeyi alqışlayırıq. Əgər şərait elədirsə ki, insanlar üçün orada işləmək məqsədəuyğun və sərfəlidir və onlar əsasən İT mütəxəssisləridirsə, Allah xətrinə, qoy orada da işləsinlər", - Rusiya prezidenti deyib.

Putin əlavə edib ki, Ermənistan Rusiyaya yad ölkə deyil. Və bu gün ruslar üçün orada işləmək daha sərfəli və daha rahatdırsa, bunda fövqəladə bir şey yoxdur. Üstəlik, çoxları artıq geri qayıdıblar, anlayıblar ki, heç bir dəhşətli hadisə baş vermir, sanksiyalara baxmayaraq, Rusiyada hər şey qaydasındadır, iş gedir.
"İrəvanda işləyib, Moskvada yaşaya bilərsiniz", - Rusiya lideri əlavə edib.

Qeyd edək ki, Ermənistan Miqrasiya Komitəsinin məlumatına görə, 2022-ci ilin birinci yarısında Rusiya Federasiyasının 372 086 vətəndaşı Ermənistana daxil olub, onlardan 331 306 nəfəri geri qayıdıb. Yanvarın 1-dən etibarən müvəqqəti yaşamaq icazəsi almaq üçün Aİİ üzv dövlətlərinin vətəndaşları və onların ailə üzvlərindən ümumilikdə 3000-ə yaxın müraciət daxil olub.
 
Alpər