Siyasət 16:45 01.11.2022

Soçidə qazanılan qələbə - Zərdüşt Əlizadənin şərhi

Hər kəsin maraqla gözlədiyi Soçi görüşü başa çatdı. Tərəflər bəyanat imzaladılar. Sənəddə deyilir ki, görüş iştirakçıları 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatını müzakirə ediblər. Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara əməl edilməsinə sadiq olduqlarını təsdiqləyiblər. 

Bundan başqa tərəflər humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlik əlavə səylər göstərmək barədə də razılığa gəliblər. Bəyanatda Rusiya sülhməramlılarının regionda vəziyyətin sabitləşməsinə yönəlik səylərinə ehtiyacın olduğu vurğulanıb. Bütün problemli məsələlərin BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq müzakirə və həll edilməsi də razılaşdırılıb.

İki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin yaradılmasına xüsusi önəm verilib. Sənəddə Qarabağla bağlı bənd yer almayıb. 

Rusiya Prezidenti bu görüşü faydalı adlandırsa da, hər şeyi razılaşdıra bilmədiklərini də etiraf edib. Amma konkret nələrin razılaşdırılmadığını açıqlamayıb. Putin habelə mətbuat konfransında Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlərin müəyyənləşdirildiyini söyləyib. "Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələsini həll etmək üçün ən dəqiq xəritələri təqdim etməyə hazırdır”, deyə Putin bəyan edib. 
 
O, əlavə edib ki, sülhməramlı kontingentin taleyi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına dair razılaşma üzərində işin necə getməsindən asılı olacaq. 

Soçi görüşü barədə verilən bəyanatdan görünür ki, Putinin əsas iki məqsədi olub. O, bu görüşlə bir tərəfdən Brüssel prosesinə kölgə salmaq istəyib. Digər tərəfdən isə Rusiyanın Xankəndidəki hərbi mövcudluq müddətini uzatmağa çalışıb. Putinin sülhməramlı kontingentin taleyinin Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına dair razılaşma üzərində işin necə getməsindən asılı olduğunu deməsi əslində məhz sülhməramlıların regionda uzun müddətə qalmasın işarədir. Rusiya həmin kontingentin ərazidə daha uzun müddətə qalmasına çalışır. Görüş ərəfəsi Paşinyanın sülhməramlıların 15-20 il müddətinə qalması barədə açıqlaması da əslində Moskvadan verilən tapşırığın onun dilindən səslənməsidir. Deməli, sülhməramlıları daha uzun müddətə bölgədə saxlamaq üçün Moskva demarkasiyaya dair işlərin sürətli getməsinə imkan verməyəcək. 

Soçi görüşündə Paşinyan da müəyyən pozuculuq fəaliyyətində bulunmağa cəhd edib. O, Azərbaycanın 2021-ci ilin may ayında Ermənistan sərhədini pozduğunu iddia edərək, həmin olaydan əvvəlki status-kvonun bərpa olunmasının, habelə sentyabrın 12-13-də sərhəddə baş verən insidentin Bəyanatda əksini tapmasına çalışıb. Lakin onun bu cıhdləri nəticə verməyib. Belə olan halda, Paşinyan görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Bununla belə sonda Putinin təkidi ilə Bəyanat qəbul olunub. 



Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında Soçi görüşünü Azərbaycan diplomatiyasının qələbəsi kimi dəyərləndirdi: 

"Soçi görüşü Azərbaycanın siyasi xəttinin dəyişməz və möhkəm olduğunu göstərdi. Bakı Rusiyanın vasitəçiliyini rədd etməsə də, qəbul etmir. Rusiya ilə münasibətləri korlamasa da, amma əvvəlki tək ona itaət etmir. Azərbaycan müstəqil olaraq öz siyasi xəttini davam etdirir və yenilməzliyilə Paşinyana da imkan verir ki, əlini müxalifətin caynağından qurtarsın. 

Paşinyan da başa düşürdü ki, Moskvanın bu təklifləri həm Azərbaycan, həm də Ermənistanın təkrar olaraq daha 30 il Rusiya əsarətində qalmasına xidmət edir. İrəvan çarəsizlikdən buna razılıq verib, Azərbaycan isə qəti şəkildə bildirib ki, heç bir Rusiya şərtlərini qəbul etmir. Ona görə də Soçi görüşünü Azərbaycan diplomatiyasının qələbəsi saymaq olar. Azərbaycanın bu qətiyyətinin səbəbi isə Türkiyənin ölkəmizə verdiyi hədsiz dəstəklə bağlıdır”. 

Rüfət Sultan