Xəbər lenti

Son 10 ildə Rusiya xaricdə adamları ələ almaq üçün nələr edib? - 100 ölkəyə göndərilən məxfi məlumat
Dünya09:10 14.09.2022

Son 10 ildə Rusiya xaricdə adamları ələ almaq üçün nələr edib? - 100 ölkəyə göndərilən məxfi məlumat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ kəşfiyyatının hesabatına görə, 2014-cü ildən bəri Rusiya xaricdə öz siyasi təsirini artırmaq üçün ən azı 300 milyon dollar xərcləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNN, "Reuters", "New York Times", "Washington Post" və digər nəşrlərə ABŞ prezident administrasiyasının adı çəkilməyən yüksək vəzifəli şəxsləri məlumat verib.

ABŞ kəşfiyyatı müəyyən edib ki, son səkkiz il ərzində Rusiya Federasiyası 20-dən çox ölkədə xarici siyasi partiyaları, ayrı-ayrı siyasətçiləri və məmurları gizli şəkildə maliyyələşdirib. Bəzi pul köçürmələrin diqqətdən kənarda qala biləcəyi güman edilir. ABŞ-ın məlumatına görə, Rusiya hakimiyyəti bu cür maliyyələşdirməyə daha yüz milyonlarla dollar xərcləməyi planlaşdırırmış.

Belə ki, "Reuters" və CNN mənbələrinin məlumatına görə, Rusiya hakimiyyəti konkret siyasi partiyaları, o cümlədən ifrat sağçı və millətçi partiyaları dəstəkləməyə, həmçinin bu ölkələrin "demokratiyalarını daxildən manipulyasiya etməyə” çalışıb. Eyni zamanda, nəşrlərin həmsöhbətləri konkret siyasətçilərin adlarını və partiyaların adlarını açıqlamayıblar.

ABŞ kəşfiyyatının müəyyən etdiyi kimi, köçürmələr üçün saxta şirkətlər, fondlar, beyin mərkəzləri, Rusiya səfirliklərinin və dövlət müəssisələrinin hesabları və digər yollardan istifadə edilib. Maliyyələşdirmə nağd pul, pul köçürmələri, kriptovalyutalar və bahalı hədiyyələr şəklində baş verib və əməliyyatlara FSB, fiziki şəxslər və iş adamları da daxil olmaqla Rusiya qurumları nəzarət edib. Rəsmilərin sözlərinə görə, maliyyə sxemlərində iş adamı Yevgeni Priqojin və Rusiya Dövlət Dumasının sədr müavini Aleksandr Babakov iştirak edib.

Jurnalistlərin mənbələrinə görə, belə maliyyə vəsaiti Albaniya, Monteneqro, Madaqaskar, Bosniya və Herseqovina və ola bilsin ki, Ekvadora da göndərilib. Bundan əlavə, rəsmilər Rusiya səfirinin prezidentliyə namizədə milyonlarla dollar pulu nağd şəkildə təhvil verdiyini deyərək adını açıqlamaqdan imtina etdikləri Asiya ölkəsindən danışıblar. Eyni zamanda, hesabatda ABŞ-da mümkün Rusiya maliyyələşdirməsinə dair məlumatlar əks olunmayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın gizli maliyyə əməliyyatlarını "suverenliyə hücum” adlandırıb. "Bu, bütün dünyada insanları öz maraqlarını və dəyərlərini təmsil etmək üçün ən uyğun hesab etdikləri hökumətləri seçmək imkanından məhrum etmək cəhdidir", deyə ABŞ rəsmisi bildirib.

Dövlət Departamenti kəşfiyyat məlumatlarını dünyanın 100-dən çox ölkəsindəki ABŞ səfirliklərinə göndərib. Sənəddə Rusiyanın iddia edilən gizli fəaliyyətləri ilə bağlı məlumatlardan əlavə, ABŞ və müttəfiqlərinin Kremlə qarşı duruş gətirmək üçün atacağı addımlar təklif edilir. Bunlara sanksiyalar, səyahət qadağaları və casusluqda və gizli siyasi maliyyələşmədə şübhəli bilinən şəxslərin ölkədən çıxarılması daxildir.

Ukraynadakı müharibənin fonunda, yaxın aylarda Rusiya sanksiyaların effektivliyini sarsıtmaq və ABŞ-a qarşı təsirini saxlamaq üçün Mərkəzi və Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyada xarici siyasətçilərin və partiyaların maliyyələşdirilməsi də daxil olmaqla, gizli təsir alətlərinə daha çox etibar edə bilər.

"Rusiyanın siyasətçiləri gizli şəkildə maliyyələşdirməsini və demokratik proseslərə xələl gətirmək cəhdlərini işıqlandırmaqla biz bu xarici partiyaların və namizədlərin diqqətini ona yönəldirik ki, əgər onlar gizli şəkildə Rusiya pullarını qəbul etsələr, biz onları ifşa edə bilərik və ifşa edəcəyik", - CNN ilə danışan ABŞ rəsmisi bildirib.

Nizami Bağırov