Almaniyanın kimya zavodları son 30 ildə ən aşağı səviyyədə fəaliyyət göstərir – istehsal gücündən cəmi 72% istifadə olunur. Bu göstərici, ölkənin əsas sənaye sahələrindən birində böhranın dərinləşdiyini və Avropanın ən böyük iqtisadiyyatının ümumi vəziyyətinə mənfi təsir etdiyini göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, bu qədər aşağı istifadə sonuncu dəfə 1991-ci ildə qeydə alınıb. Həmin vaxt Şərqi Almaniya sənayesinin inteqrasiyası güc artıqlığı yaradaraq, ölkəni illərlə zavodları bağlamağa və sahədə tarazlığı ləng bərpa etməyə məcbur etmişdi.
Kimya və əczaçılıq lobbi qrupu VCI-nin məlumatına görə, mövcud göstərici zavodların zərərsiz fəaliyyət göstərə bilməsi üçün tələb olunan həddən xeyli aşağıdır. İkinci rübdə istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% azalıb ki, bu da gəlirlərə mənfi təsir göstərib.
Qurum bildirib ki, yaxın perspektivdə vəziyyətin yaxşılaşacağına dair heç bir əlamət yoxdur. Əsas kimyəvi məhsul alıcıları öz istehsallarını azaldır və sifarişləri minimuma endirir.
Almaniyanın avtomobil sənayesi liderləri – "Volkswagen AG" və "Mercedes-Benz Group AG" – satışların azalması ilə bağlı xəbərdarlıq ediblər. Bu şirkətlər "BASF SE" və digər kimya təchizatçılarının əsas müştəriləridir. ABŞ-ın Avropa avtomobillərinin idxal rüsumunu apreldə 27,5%-dək artırması satışların enməsinə səbəb olub.
Bundan əvvəl Almaniyada sosial vəziyyətlə bağlı da xəbər yayılmışdı. Avqustda məlum olub ki, 2026-cı ildə işsiz ukraynalılar tamamilə sosial yardımdan məhrum edilə bilərlər. Əmək Nazirliyi 5,6 milyon yardım alan üçün ödənişlərin növbəti dəfə dondurulacağını açıqlayıb, onların arasında çoxlu sayda ukraynalı miqrant var.
Apreldə isə bildirilmişdi ki, ABŞ prezidenti Donald Trampın ticarət siyasəti səbəbindən Almaniya iqtisadiyyatı 2025-ci ildə əhəmiyyətli artım göstərməyəcək.
Paşa Məmmədli
Şərhlər