Xəbər lenti

Ölkə 14:23 25.07.2026

"Space" TV ilə Vado Korovin arasında qarşılıqlı ittihamlar

"Space" TV-nin bank hesablarına həbs qoyulması məsələsi son günlər gündəmdədir.

Telekanalın ötən gün yayılan bəyanatında bildirilib ki, söhbət 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 140 313.06 ABŞ dolları məbləğində borcdan gedir. Bildirilib ki, banka son ödəniş 2024-cü il yanvarın 19-da edilib.

Məlumatda qeyd olunub ki, sözügedən öhdəliklərin vaxtında icra edilməməsinə görə məsuliyyət "Space" TV-nin keçmiş baş direktoru Vado Korovinin üzərinə düşür.

Məsələ ilə bağlı Vado Korovin Oxu.Az-a açıqlamasında vurğulayıb ki, heç vaxt məsuliyyətdən qaçmayıb və indi də bunu etmək fikrində deyil: "Lakin məsuliyyət faktlara, sənədlərə və real nəticələrə əsaslanmalıdır. Bəli, bəyanatda haqqında söhbət gedən kredit, həqiqətən, var idi. Lakin əsas məqamı qeyd etmək vacibdir. Bu kredit mənim təyinatımdan iki il əvvəl rəsmiləşdirilib. Biz telekanalı artıq ciddi maliyyə öhdəlikləri, toplanmış borclar, texniki və təşkilati problemlərlə təhvil aldıq. Lakin idarəetmənin keyfiyyəti məhz belə şəraitdə üzə çıxır.

Rəhbəri miras olaraq aldığı problemlərə görə deyil, hansı nəticələri əldə edə bildiyinə görə qiymətləndirirlər. Maliyyə çətinlikləri təkcə bir telekanalın problemi və ya hər hansı bir rəhbərliyin qərarlarının nəticəsi deyil. Bu, günümüzdə praktiki olaraq bütün televiziya bazarının üzləşdiyi sistemli bir çağırışdır.

Son illərdə qlobal və iri milli reklamverənlər öz reklam büdcələrini əhəmiyyətli dərəcədə rəqəmsal platformaların xeyrinə yenidən bölüşdürdülər. İnvestisiyaların böyük hissəsi internetə, sosial şəbəkələrə və digər digital kanallara yönəldi. Nəticədə televiziya reklamının həcmi hiss olunacaq dərəcədə azaldı ki, bu da obyektiv olaraq əksər telekanalların maliyyə vəziyyətinə təsir göstərdi. Kanalın kredit borclarını ödəyə bilməməsinin obyektiv səbəbləri məhz bunlardır.

Xüsusilə qeyd etmək istəyirəm ki, məhz mənim rəhbərliyim dövründə "Space" TV milli telekanallar arasında yeddinci yerdən ikinci yerə yüksəldi. Bu bir rəy deyil, komandamızın işinin nəticəsidir.

Artıq ikinci yeri tutan telekanalı təhvil almaq bir başqa şeydir. Telekanalı yeddinci yerdə təhvil alıb reytinq göstəricilərini dörd dəfə artıraraq ikinci mövqeyə çıxarmaq isə tamamilə fərqli idarəçilik tapşırığıdır və hər bir rəhbərin səmərəliliyi məhz bu meyarla qiymətləndirilməlidir".

Korovinin sözlərinə görə, mürəkkəb maliyyə vəziyyətinə baxmayaraq, əməkdaşların əməkhaqqıları vaxtında ödənilib:

"Kanal öz öhdəliklərini yerinə yetirməyə, inkişaf etməyə və keyfiyyətli televiziya məhsulu yaratmağa davam edirdi.

Mənim fəaliyyətim başa çatmazdan əvvəl iri kommersiya müqaviləsi bağlandı ki, bu da telekanala sabit işləmək imkanını təmin edirdi və təmin etməkdə davam edir. Hətta indiki rəhbərliyin bir neçə ay əvvəl bəyan etdiyi əməkhaqqılarının ödənilməsi də məhz əvvəllər mənim tərəfimdən imzalanmış müqavilə sayəsində baş tutub.

Bundan əlavə, biz ayrıldıqdan sonra da efirə getməyə davam edən televiziya kontentinin böyük hissəsi məhz mənim rəhbərliyim dövründə əldə olunub".

O, rəhbərliyi dövründə telekanalın texniki bazasının inkişaf etdirilmədiyi ilə bağlı səsləndirilən fikirlərin həqiqətə uyğun olmadığını söyləyib:

"Mənim işlədiyim dövrdə "Space" TV-nin texniki bazasının miqyaslı modernləşdirilməsi həyata keçirilib. Xüsusilə 8 robotlaşdırılmış televiziya kamerası, 3 yeni studiya kamerası, bütün studiyalarda yeni televiziya pultları, tamamilə yenilənmiş mikrofon bazası, yeni kompüterlər və istehsalat avadanlıqları, modernləşdirilmiş televiziya studiyaları, yenilənmiş efir və istehsalat avadanlığı, yeni xidməti avtomobillər alınıb. Bə bu, görülən işlərin heç də tam siyahısı deyil. Bütün satınalmalar rəsmiləşdirilib.

Bütün müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və mühasibat sənədləri telekanalın arxivindədir. Həmçinin görülmüş işlər haqqında bütün məlumatlar Audiovizual Şura tərəfindən tərtib edilmiş aktda qeyd olunub. Məhz buna görə də bu cür bəyanatları yoxlamaq çox asandır. Sənədləri açmaq kifayətdir".

V.Korovinin sözlərinə görə, binaların kosmetik təmiri də onun rəhbərliyi dövründə aparılıb:

"Əgər bu gün bir neçə santexnika elementinin dəyişdirilməsi əsas nailiyyətlərdən biri kimi təqdim olunursa, hər kəsin bu cür dəyişikliklərin miqyasını müstəqil qiymətləndirmək və bizim komanda tərəfindən görülən işlərlə müqayisə etmək hüququ var.

Mən telekanalın inkişafına sərmayə qoymuşam. Bu günə qədər verilişlərin çəkildiyi studiyaları modernləşdirmişik, texniki infrastrukturu yeniləmişik, peşəkar televiziya avadanlıqları, yeni kompüterlər, kameralar, robotlaşdırılmış sistemlər, mikrofon bazası, televiziya pultları və xidməti nəqliyyat vasitələri əldə etmişik.

Televiziya reytinqlərinin cari dinamikasının peşəkar təhlili fərz etməyə imkan verir ki, artıq sentyabrın yekunlarına görə "Space" TV təxminən beşinci yerə düşə bilər.

Mən borcları, köhnəlmiş texnikası və çoxsaylı problemləri olan telekanalı təhvil alanda təqsirkar axtarmırdım. Biz məsuliyyəti üzərimizə götürdük. Biz işlədik. Biz nəticə əldə etdik".

O əlavə edib ki, "Space" TV-nin hazırkı rəhbəri Ayaz Mustafayevin bəyanatı məsuliyyəti başqasının üzərinə atmaq cəhdləridir:

"Eyni uğurla mən də məsuliyyəti kanalın bu borcu ödəyə bilməyəcəyini bilə-bilə həmin krediti götürən Müşfiq Hətəmovun üzərinə ata bilərəm. O isə eyni uğurla məsuliyyəti özündən əvvəlki rəhbərliyin üzərinə ata bilər.

Bu gün dediklərimin hamısı sənədlərlə, maliyyə hesabatlılığı, müqavilələr, satınalmalar, reytinqlər və komandamızın işinin nəticələri ilə təsdiqlənir".

Qeyd edək ki, "Space TV"dəki borc qalmaqalı ilə bağlı ilk xəbəri ötən gün Qaynarinfo yayıb. Daha sonra telekanal açıqlama yayaraq Vado Korovini ittiham edib.

Bildirilib ki, bəhs olunan 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-ci ildə "Xalq Bank” ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə formalaşmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranıb.

"Belə ki, banka ən son ödəniş 2024-cü il yanvar ayının 19-da həyata keçirilib.

Bu öhdəliklərin vaxtında icra edilməməsinə görə bütün məsuliyyət 2023-cü ilin fevral ayından Space TV-yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.  

Keçmiş baş direktor Vado Korovin və o vaxtkı icraçı direktor Nəriman Abdul-Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirmək əvəzinə, uzun illər formalaşmış televiziya idarəetmə prinsiplərindən uzaq bir idarəçilik modeli tətbiq etmiş, nəticədə kanal sistemli şəkildə zəiflədilmiş, peşəkar media qurumu kimi inkişaf etdirilmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmə yanaşmasının təsiri altında fəaliyyət göstərmişdir. Bu idarəçilik nəticəsində maliyyə intizamı pozulmuş, strateji inkişaf zəifləyib. 

Bundan başqa, kanalın maddi-texniki bazası faktiki olaraq iflic vəziyyətinə salınıb. Balansda olan 24 xidməti avtomobildən cəmi 2-si işlək vəziyyətdə olub, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi illərlə həyata keçirilməyib, studiyalar baxımsız saxlanılıb, kanalın texniki infrastrukturu müasir televiziya tələblərindən geri qalıb.

Qeyd olunan dövrlər üzrə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsinə uyğun olaraq qanunvericiliyin nəzərdə tutduğu bütün hüquqi addımlar atılacaq”, - kanaldan bildirilib.

Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırılıb ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir və qərarın özündə də qeyd olunduğu kimi, bu tədbir əməkhaqqılarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Space TV normal fəaliyyətini davam etdirir:

"Hazırda kanalda genişmiqyaslı islahat proqramı həyata keçirilir. Qısa müddətdə 15 avtomobil əsaslı təmir edilərək yenidən istismara qaytarılıb, yeni pavilyonlar qurulub, müasir çəkiliş və yayım avadanlıqları alınıb, Naxçıvanda müxbir məntəqəsi yaradılmış, yeni sənədli və televiziya filmləri və xüsusi televiziya buraxılışları hazırlanıb, onlarla peşəkar kadr işə götürülüb. Eyni zamanda kanalın inzibati binasında və həyətində əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri görülmüş, müasir LED sistemləri və monitorlar quraşdırılıb”.

Qeyd edilib ki, hazırda "Space TV” proqram siyasətini tamamilə yenidən formalaşdırır. Sentyabr ayından etibarən tamaşaçılar yeni layihələr, yeni simalar və müasir televiziya məhsulları ilə qarşılaşacaqlar:

"Məqsədimiz Space TV-ni yenidən ölkənin aparıcı televiziya kanallarından birinə çevirmək, əvvəlki dövrdə buraxılmış ciddi idarəetmə səhvlərinin nəticələrini aradan qaldırmaq və tamaşaçı etimadını daha da gücləndirməkdir.

"Space TV” əmindir ki, əvvəlki dövrdən miras qalmış bütün maliyyə və hüquqi problemlər qanun çərçivəsində həll olunacaq, aparılan islahatlar isə kanalın inkişafını təmin edəcəkdir”.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->