TVNET Platformasına daxil olan SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanalları UEFA-nın nüfuzlu klub turnirləri olan UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının Pay-TV (ödənişli televiziya – kabel tv, iptv, ott və s.) üzrə ölkə ərazisində eksklüziv yayım hüququna sahibdir.
Qurumdan Qaynarinfo-ya bildirilib ki, turnirlərin açıq televiziya (Free-TV / FTA) yayım hüquqları ayrıca hüquq paketinə daxildir və bu hüquqlar Azərbaycanda açıq yayımda ümumrespublika yayımı həyata keçirən digər 2 telekanala məxsusdur.
"Ayrıca qeyd edək ki, qeyd edilən oyunların HORECA / kommersiya nümayiş hüquqları (otel, restoran, kafe, pub, lounge, çay evi, idman barları və digər ictimai-kommersiya obyektlərində nümayiş hüquqları) tam eksklüziv şəkildə yalnız bu kanallar tərəfindən təqdim olunur.
Qeyd edək ki, kommersiya obyektlərində - restoran, kafe, hotel, lounge və digər ictimai məkanlarda UEFA oyunlarının nümayişi yalnız müvafiq kommersiya/HORECA hüquqları əsasında həyata keçirilə bilər. Hüquqsuz və qeyri-qanuni yayımlar Azərbaycan Respublikasının müəllif və əlaqəli hüquqlar haqqında qanunvericiliyinin tələblərinin pozulması hesab olunur və hüquqi məsuliyyət yaradır", - deyə məlumatda vurğulanıb.
Məlumat üçün qeyd edək ki, ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bavariya" - PSJ matçı "CBC Sport" vasitəsi ilə yayımlanmalı olsa da, yayım baş tutmayıb.
Şərhlər