Xəbər lenti

Siyasət 13:41 22.11.2023

Sülh danışıqları Bakıda keçirilə bilərmi? (ŞƏRH)

"İrəvanla Bakı arasında danışıqların Azərbaycanda keçirilməsi mümkünsüzdür".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Ermənistan Azərbaycan danışıqlarının məkan yeri olaraq ölkəmizdə keçirilməsi barədə son günlər səslənən təklifləri şərh edərkən deyib.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Bakı ilə İrəvan arasında danışıqların Azərbaycanın istənilən məkanında keçirilməsi daha məqsədəuyğundur:



"Amma bunun baş tutacağını mümkün hesab etmirəm. Ermənistan heç zaman buna razılıq verməyəcək. Danışıqların məkanı olaraq daha çox üçüncü ölkələri axtarmaq lazımdır. Hesab edirəm ki, danışıqlar üçün Gürcüstan variantı hələlik bitməyib. Türkiyə varinatını da istisna etmək olar. Bundan başqa, danışıqları Orta Asiya ölkələri və yaxud neytral dövlətlərin birində də keçirmək mümkündür. Burada əsas məsələ odur ki, hər iki tərəf qarşılıqlı razılıq əsasında bunu istəsin. 

Azərbaycan üçün danışıqların hansı ölkədə keçirilməsinin heç bir problemi yoxdur. Amma Ermənistan üçün görüşün keçirilmə məkanı məsələsi ciddi problemdir. Çünki Ermənistana Rusiyanın nəzarəti altından çıxmaq üçün güclü təzyiqlər var. Brüssel və Vaşinqton formatları son dövrlər öz əhəmiyyətini itirməkdədir. Bu da onların Ermənistanı müdafiə mövqeyi tutmasından irəli gəlir".
 
Hüquqşünas bildirib ki, ABŞ Senatının qəbul etdiyi qərar birbaşa Ermənistanın müdafiəsinə yönəlib:

"Ona görə də birtərəfli qaydada Ermənistanı müdafiə edən ölkələrin ərazilərində danışıqların aparılmasını mümkün hesab etmirəm".

Qeyd edək ki, hüquq elmləri doktoru Məhəmməd İmanlı mətbuata açıqlamasında Bakı ilə İrəvan arasında sülh danışıqlarının Azərbaycanda aparılmasını təklif edib: "Danışıqların Azərbaycanda aparılması daha yaxşı olar. Çünki Azərbaycan qalib dövlətdir. Niyə biz Vaşinqtona, Strasburqa, Moskvaya getməliyik? Ermənilər zəhmət çəkib Bakıya gəlsinlər".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->