Ukrayna bütün müharibə dövründə ən çətin qərarlardan biri ilə üz-üzə qalıb. Prezident Volodimir Zelenski xəbərdarlıq edib ki, əgər faktiki olaraq Rusiyanın əsas tələblərini təsdiqləyən Amerikanın sülh planını rədd etsə, ölkə ya öz ləyaqətini və azadlığını itirmək, ya da Vaşinqtonun dəstəyini itirmək riski ilə qarşı-qarşıya qalacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”
yazır.
ABŞ prezidenti Donald Tramp "Fox News”a açıqlamasında bildirib ki, Kiyev planı artıq bu həftə qəbul etməlidir. Daha sonra o, jurnalistlərə deyib: "Zelenskinin xoşuna gəlməlidir, əgər xoşuna gəlməsə... Onda yəqin ki, sadəcə döyüşü davam etdirməlidirlər".
Tramp əlavə edib ki, Zelenski əvvəllər qəbul etmədiyi şeyi qəbul etməli olacaq və Ağ Evdəki görüşlərini xatırladaraq deyib: "Dedim ki, sizin bunun üçün kartlarınız yoxdur".
28 bəndlik sənəd Ukraynadan bunları tələb edir:
• ərazilərdən imtina etmək: Rusiya Luqansk, Donetsk və Krıma faktiki nəzarət əldə edir;
• Xerson və Zaporojyedə cəbhə xəttini dondurmaq;
• demilitarizasiya olunmuş zona yaratmaq;
• NATO üzvlüyündən həmişəlik imtina etmək;
• ordunun sayını 600 min hərbçi ilə məhdudlaşdırmaq;
• Rusiyaya qarşı sanksiyaların tədricən götürülməsi və Moskvanın G8-ə qayıtması;
• dondurulmuş Rusiya aktivlərinin investisiya fonduna yönəldilməsinə, həmin fondun gəlirlərindən Vaşinqtonun da pay almasına razılıq vermək.
"Reuters"in mənbələri iddia edir ki, ABŞ, saziş imzalanmasa, silah tədarükünü və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla hədələyib. Amerika rəsmiləri bunu təkzib edir.
Zelenski xalqa müraciətində dövlətin maraqlarını satmayacağını vurğulayıb: "Biz çox çətin seçimlə üzləşə bilərik - ya ləyaqəti itirmək, ya da vacib tərəfdaşı itirmək riski... Mən iki məqamın itirilməməsi üçün mübarizə aparacağam - ukraynalıların ləyaqəti və azadlığı".
O, eyni zamanda ABŞ-a səylərinə görə təşəkkür edib və Ukraynanın həqiqi və ləyaqətli sülhə ehtiyacı olduğunu bildirib.
Putin ABŞ planını potensial sülh əsası adlandırıb, lakin Kiyevin guya Rusiya hücumlarının reallığını başa düşmədiyini iddia edib.
Zelenskinin cümə günü danışdığı Avropa liderləri isə məcburi güzəştlərə qəti şəkildə qarşı çıxırlar. Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas xəbərdarlıq edib: "Bu çox təhlükəli məqamdır. Rusiya hücum etdiyi ölkədən güzəştlər tələb etmək hüququna malik deyil".
ABŞ bildirir ki, plan məsləhətləşmələrdən sonra Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla hazırlanıb. Umerov bunu təkzib edərək, yalnız texniki rol oynadığını deyib.
Analitiklər isə xəbərdarlıq edir: Kiyevin razılığı daxili qeyri-sabitliyə səbəb ola bilər.
"Rusiya istədiyi hər şeyi alır, Ukrayna isə demək olar ki, heç nə", deyə Chatham House"dan Tim Eş qeyd edib.
Əks-təklif isə bundan ibarətdir ki, Ukrayna Böyük Britaniya, Fransa və Almaniya ilə birlikdə öz plan variantını hazırlayır. Avropalılarla Amerika sənədi hazırlanarkən məsləhətləşmə aparılmayıb və onlar artıq Kiyevə sərt dəstək ifadə ediblər.
Bu mövzu Yohannesburqdakı G20 sammitində əsas gündəm olacaq — Trampın iştirakı rədd etməsinə baxmayaraq.
Mənbələrin sözlərinə görə, Ukrayna israr edir ki, təhlükəsizlik təminatları hüquqi cəhətdən məcburi olmalı və NATO-nun 5-ci maddəsinə ekvivalent dərəcədə olmalıdır — əks halda Rusiyanın yeni hücumu sadəcə zaman məsələsi olacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenskidən onların "sülh planı”na cümə axşamına qədər razılıq verməyi tələb ediblər, əks halda onu məğlubiyyət gözləyir.
"The Telegraph” yazır ki, Tramp bu müddəti məqbul hesab edir və tələbin yerinə yetirilməyəcəyi halda ABŞ yardımından Ukraynanı məhrum etməklə hədələyib.
Alpər
Şərhlər