Xəbər lenti

Dünya 16:08 07.01.2025

"Suriyada yeni savaş qaçılmazdır" - Politoloq

"Suriyada yeni savaş qaçılmazdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Suriyanın yeni hökumətinin PKK-nın qolu olan PYD və YPG qruplaşmalarından silahı yerə qoymağı tələb etməsini şərh edərkən deyib.

"Bəşər Əsədin süqutundan sonra yeni Suriya hakimiyyəti zaman-zaman solçu qüvvələrdən, xüsusən də PKK-nın Suriya qolu YPG və PYD-dən və druzlardan silahı yerə qoymağı tələb edib. Bu müddət ərzində druzlar və YPG ilə PYD-dən başqa hər kəs silahı yerə qoydu. Bu isə tərəflər arasında zaman-zaman insidentlərin yaşanmasına səbəb olur. Dünən və bu gün səhər saatlarında belə insidentlərin şahidi olduq", deyə Rufiz Hafizoğlu bildirib.
 


Həmsöhbətimiz qeyd edir ki, yeni Suriya hakimiyyətinin gələcəyi sözün əsl mənasında məhz hazırda kürdlərin nəzarətində olan ərazilərin boşaldılmasından asılıdır:

"Həmin ərazilər neft, kənd təsərrüfatı amili və təhlükəsizlik baxımından Suriyanın gələcəyi üçün çox önəmlidir. Digər tərəfdən, bu bölgələrin YPG, PYD, druzların nəzarətində qalması əslində Suriyanın unitar dövlət strukturuna ciddi zərər vuracaq. Bu isə yeni hakimiyyət üçün qəbulolunmazdır. Belə vəziyyət həmçinin, Türkiyə və qismən İraq üçün də qəbuledilməz olacaq. Çünki İraqda da kürd faktoru var". 

Digər tərəfdən, ekspertə görə, Suriyada PKK əvvəl yalnız ABŞ-ın birbaşa təzyiqilə çalışırdısa, indiki halda Türkiyənin rolunu azaltmaq üçün onlar Vaşinqtonla yanaşı, həmçinin İran və Rusiyanın da birbaşa maraqlarına xidmət edəcək füqurlardan birinə çevrilib. Həmsöhbətimiz PYD-nin asanlıqla silahları yerə qoyacağına inanmır:

"Bu günə qədər edilən tələblərə rəğmən onlar silahları yerə qoymayıb. Deməli, yenə də ABŞ-a arxalanır və reallığı görürlər. Reallıq isə odur ki, ABŞ-ın mövcud dəstəyi ilə yanaşı, zaman-zaman İrandan da dəstək alacaqlarını açıq şəkildə bilirlər. Həmçinin, Rusiyanın dövriyyəyə girməsi ehtimalı da böyükdür".

Bu əsasda da Rufiz Hafizoğlu düşünür ki, Suriyada yeni savaş qaçılmazdır:

"Ən azından ona görə ki, oradakı silahlı birləşmələrin heç də hamısı silahları təhvil verməyib. Onlar maksimum dirənməyə və güzəşt əldə etməyə çalışacaqlar. Amma onu da qeyd edim ki, hər hansı bir güzəştdən söhbət gedə bilməz. Çünki bu bölgə, xüsusən də Türkiyə üçün ciddi təhlükə yarada bilər. Gələcəkdə bu hətta İranın özü üçün də ciddi risklər yaradacaq".

Qeyd edək ki, Suriyanın yeni hökuməti ölkənin müəyyən hissəsini nəzarətində saxlayan terror təşkilatı PKK-nın qolları - PYD və YPG terrorçularından silahları yerə qoymağı tələb edib. Bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat verib. 

Məlumatda deyilir ki, yeni hökumət nümayəndələrilə kürd silahlıları arasında iki görüş baş tutub. Görüşdə PYD və YPG silahların yerə qoyulması müqabilində yaradılan Suriya ordusunda bir diviziya və ya ordu korpusunun onlara verilməsini, habelə şimaldakı neftlə zəngin yerlərin aralarında yarıbayarı bölünməsini tələb ediblər. Lakin yeni hökumət onların bu tələbini rədd edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->