Dünya 16:07 25.03.2023

Suriyadakı Amerika bazasına zərbə: ABŞ İrana güc tətbiq edəcəkmi?

"İki tərəf bir-birini hədələyir. Bu yolla da bir-birilərini qorxutmağa çalışırlar".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ prezidenti Co Baydenin İrana bağlı qüvvələrin Suriyadakı Amerika bazasına zərbələr endirməsi fonunda Tehranı güc tətbiq etməklə hədələməsinə münasibət bildirərkən deyib.

Politoloqun fikrincə, müharibəninin genişlən-genişlənməməsi atılacaq addımlardan asılı olacaq:



"İran da geri çəkilmir. ABŞ İran bazasına zərbələr endirib, Tehran da cavab olaraq ona. İndi tərəflər müharibənin genişlənməsi fonunda gəlir və çıxarını hesablayırlar. Hələlik ABŞ-la İran Suriya ərazisində bir-birilə toqquşur. ABŞ İran ərazisinə zərbə endirsə, Tehran da cavab olaraq yaxınlıqdakı Amerika bazalarına zərbə endirəcək. Belə ki, Tehranın əlinin çatdığı bir neçə Amerika hərbi bazası var. Bunlar Suriya, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Oman körfəzində yerləşən hərbi bazalardır. Odur ki, müharibəni genişləndirib, ya da dayandıracaqları tərəflərin özlərindən, atacaqları addımlardan asılıdır”.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Kanadaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında Suriyadakı bazaya edilən hava hücumundan sonra Pentaqonun İranın dəstəklədiyi qüvvələrə havadan zərbələr endirdiyini bildirib. "Səhv etməyin: Birləşmiş Ştatlar İranla münaqişəyə can atmır, lakin bizim xalqımızı qorumaq üçün güc tətbiq edəcəyimizə hazır olun”, deyə Bayden bildirib.

Rüfət Sultan