Bu gün Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçirilib. 40-a qədər ölkədən 800 idmançının qatıldığı G2 kateqoriyalı yarış Azərbaycan milli komandası üçün uğurlu alınıb.
Qaynarinfo xəbər verir ki, kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 taekvondoçumuzdan 7-si fəxri kürsüyə yüksəlib.
Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) qızıl medala sahib olub. Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq) və Yaşar Məmmədli (68 kq) 3-cü yeri tutublar.
Beləliklə, idmançılarımız açıq Niderland çempionatını 3 qızıl və 4 bürünc medalla başa vurub.
Komandamız oktyabrın 16-da Vətənə qayıdacaq.
Səbuhi Həsənov