Avropa İttifaqının sanksiyalarının ardınca "Talara” adlı neft tankeri Hindistanın Nayara Energy şirkətinə məxsus Vadinardakı neft emalı zavodunun (NEZ) limanını yük götürmədən tərk edib. Tanker, planlaşdırıldığı kimi, dizel yanacağı yükləməyib.
Qaynarinfo "Reuters”ə istinadla
yazır ki, tanker 21 iyul tarixində 60 min metrik ton (447 min barrel) ultra aşağı kükürdlü dizel yanacağı ilə yüklənməli və bu yük Afrikaya çatdırılmalı idi.
Yük planının dəyişməsi Avropa İttifaqının Nayara şirkətinə tətbiq etdiyi sanksiyaların, Rusiyanın dəstəklədiyi NEZ-dən neft məhsullarının ixracını pozduğunu göstərir. Mənbələrin sözlərinə görə, "Talara” tankeri Avropa sanksiyaları tətbiq edildikdən sonra yük götürməkdən imtina edib.
Xatırladaq ki, Avropa İttifaqı Hindistanın Nayara Energy Ltd şirkətinə qarşı sanksiyalar tətbiq edib. Bu şirkət Hindistanın Qucarat ştatında yerləşən Vadinardakı neft emalı zavoduna və ölkə üzrə təxminən 7000 yanacaqdoldurma məntəqəsinə sahibdir.
Buna cavab olaraq Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Radhir Caisval bəyan edib ki, Yeni Dehli Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi "bir tərəfli sanksiyaları” dəstəkləmir.
Sonradan Rusiyanın "Rosneft” neft şirkəti Hindistandakı törəmə şirkətini müdafiə edərək bildirib ki, Nayara Energy-yə qarşı tətbiq edilən sanksiyalar "əsassız və qeyri-qanunidir”.
Alpər
Şərhlər