"Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar.
Qaynarinfo "TASS” agentliyinə istinadla xəbər verir ki, "Taliban” silahlıları Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alıb.
Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval Kabilə hücum edilməyəcəyini, hakimiyyətin sülh yolu ilə təhvil veriləcəyini bəyan edib.
Öz növbəsində "Taliban” hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçiriblər və şəhərdən çıxmaq istəyənlərə toxunmaycaqlarını bildiriblər.
Qeyd edək ki, prezident Məhəmməd Əşrəf Qani administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə Tacikistana gəlib.
Bu arada Kabil şəhərində yerləşən hava limanı atəşə tutulur. Bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyi məlumat yayıb.
"Amerika vətəndaşlarının təxliyə edildiyi Kabildəki hava limanının atəşə tutulduğu bildirilir. Bütün Amerika vətəndaşlarına sığınacaq tapmağı məsləhət görürük”-deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ-ın və Fransanın Əfqanıstandakı səfirliyi fəaliyyətlərini Kabil hava limanında davam etdirirlər.
19.07
Kabildə komendant saatı elan edilib.
Bu barədə Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 21:00-da Əfqanıstan paytaxtında komendant saatı elan edilir.
Əfqanıstan daxili işlər nazirinin vəzifəsini icra edən Abdul Səttar Mirzakval deyib ki, komendant saatının elan edilməsinə səbəb hər hansı təxribatın qarşısının alınması və şəhər əhalisinin təhlükəsizliyidir.
14.11
Radikal "Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Al Arabiya” telekanalı məlumat yayıb.
13.19
Əfqanıstanda hakimiyyət radikal "Taliban” hərəkatına dinc yolla veriləcək.
Qaynarinfo "TOLO News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın daxili işlər naziri Abdul Sattar Mirzakval bildirib. O, qeyd edib ki, radikal hərəkatən silahlıları paytaxta hücum etməyəcəklər.
"Taliban" hərəkatı isə elan edib ki, hakimiyyət orqanlarında çalışanlardan qisas almayacaqlar. Bu barədə "RİA Novosti” məlumat yayıb.
Məlumata görə, "Taliban" hərəkatı məmurların təhlükəsizlikdə olacağını bildirib: "Heç kimə ölkədən qaçmağı düşünməməlidir”.
12.42
Radikal "Taliban" hərəkatı öz döyüşçülərinə Kabilə hücum etməməyi əmr edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Taliban" hərəkatının sözçüsü Zabihullah Mücahid "Twitter" səhifəsində bildirib.
Zabihullah Mücahid yazıb ki, döyüşçülərimizə Kabilə girişdə qalmağı və şəhərə hücum etməməyi əmr etdik.
Əfqanıstan 1TV telekanalının verdiyi məlumata görə, "Taliban" rəhbərliyi qoşunlarına birbaşa Kabilə girməməyi tapşırıb.
Hazırda telekanal qeyd edir ki, "Taliban" hərəkatın qoşunlarının şəhərə sülh yolu ilə daxil olması üçün ölkə hökuməti ilə danışıqlar aparır.
12.00
Əfqanıstanın Daxili İşlər Nazirliyi "Taliban" hərəkatı silahlılarının ölkənin paytaxtı Kabilə daxil olduğunu bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"RİA Novosti" agentliyi isə silahlılarln paytaxtın qərbindəki Kabil universitetinə nəzarəti ələ keçirdiyini xəbər verib. Qeyd edilir ki, Kabilin rayonlarından birində "Taliban"ın bayrağı ucaldılıb.