"Taliban" hərakatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsi Azərbaycanda da müzakirə mövzusudur.
Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə ən müxtəlif peşə sahibləri Əfqanıstandakı hakimiyyət dəyişikliyi barədə fikirlər səsləndirir. "Taliban"ın hakimiyyəti ələ keçirməsini ABŞ-ın işğalına son qoyulması kimi dəyərləndirənlərlə yanaşı, əfqan xalqının yenidən şəriət dikaturasının girovuna çevrildiyini düşünənlər də var.
Bəs "Taliban" hərakatı necə yaranıb? Hərakatı Əfqanıstanda populyar siyasi qüvvəyə çevirən səbəblər nədir? "Taliban"a kimlər dəstək verir? Yazıda bu suallara aydınlıq gətirməyə çalışacaqğıq.
"Taliban" hərəkatı 1994-cü ildə əslən Qəndəhar şəhərindən olan Molla Ömər Axundun liderliyi ilə yaradılıb. Molla Ömər 50 mədrəsənin tələbələri ilə birgə Əfqanıstanda vətəndaş müharibəsindən, sosial-iqtisadi böhrandan qurtulmaq məqsədilə mübarizəyə başlayıb.
Molla Ömər Axund
Molla Ömər bir müddət Pakistanda, daha sonra isə Qəndəharın şimalında yerləşən Meyvənd qəsəbəsində dini təhsil alıb. Sovet işğalına qarşı vuruşub.
"Taliban" hərakatı qurulduqdan bir ay sonra artıq onun döyüşçülərinin sayı 20 minə çatmışdı. Döyüşçülərin əhəmiyyətli hissəsi müxtəlif mədrəsələrdə təhsil alan tələbələr idi. Yeri gəlmişkən, "taliban” sözü də ərəbcədən tərcümədə "tələbələr” mənasını verir. Beləliklə, İrandakı İslam İnqilabından 15 il sonra Əfqanıstanda dini təhsil alan tələbələr ölkədəki dərəbəyliyə qarşı mübarizəyə başlamışdılar. Daxili savaşlardan, korrupsiya və özbaşınalıqdan cana doyan əfqan xalqı üçün bu mübarizə yeni mərhələ idi. Xalq hesab edirdi ki, İslam adı altında aparılan bu mübarizə nəhayət, Əfqanıstanın normal ölkəyə çevrilməsini şərtləndirəcək.
"Taliban"ın daha da güclənməsi Pakistan əsilli, puştun etnik kökənli Mövlanə Sami-Ul Haqın rəhbərlik etdiyi Darul Ulum Haqqaniyə mədrəsəsində təhsil alan tələbələrin hərəkata qoşulması ilə baş verdi.
Artıq əhəmiyyətli gücə çevrilən "Taliban" 1994-cu il noyabrın 3-də Qəndahara hücum etdi. Şəhərə nəzarət ələ keçirildi. Bu, "Taliban"ın həmin vaxt zəif durumda olan mərkəzi hakimiyyətə ilk sarsıdıcı zərbəsi idi. Bir il sonra "Taliban" artıq 12 bölgəyə nəzarət edirdi. Ələ keçirdiyi bölgələrdə qanunsuzluqları aradan qaldıran hərakat əfqan xalqı arasında populyarlığını daha da artırırdı.
"Taliban"ın nüfuzu artdıqca hərakat Əfqanıstanı bütövlükdə nəzarət altına almaq üçün daha böyük həvəslə mərkəzi hakimiyyətlə qanlı müharibəni davam etdirirdi. Artıq 1995-ci ildə hərakatın hədəfi paytaxt Kabili ələ keçirmək idi. Bu məqsədlə "Taliban" şəhərə 3 tərəfdən bombalar yağdırmağa başladı. Amma Sovet işğalına qarşı mübarizədə böyük şöhrət qazanan Əhməd Şah Məsudun liderlik etdiyi qüvvələr "Taliban"ı ağır məğlubiyyətə uğratdı.
Hərakat ağır zərbə alsa da, Kabili ələ keçirmək planı qüvvəsində qalırdı. 1996-cı ildə sentyabr ayında yenidən paytaxta hücum etmək üçün hazırlıqlar gedirdi. "Taliban"ın bu niyyətindən xəbərdar olan Əhməd Şah Məsud küçə döyüşlərinə girmək istəməyərək döyüşçülərini Kabildən geri çəkdi. Lider boşluğundan yararlanan "Taliban" qüvvələri 27 sentyabr 1996-cı ildə Kabilə girdi. İlk olaraq dövlət başçısı Məhəmməd Nəcibullah Əhmədzay edam edildi.
Bundan sonra "Taliban" öz hakimiyyətini elan etdi. Əfqanıstan Respublikası Əfqanıstan İslam Əmirliyinə çevrildi. Molla Ömər isə Əmirəl Möminin (Möminlərin Əmiri) titulu aldı. Onun adına məscidlərdə xütbələr səsləndirilidi.
Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı "Taliban" hakimiyyətinin legitimliyini tanıdı.
"Taliban" hərəkatı yaranandan onun dəstəkçiləri barədə müxtəlif mülahizələr yürüdülür. Siyasi analitiklər və ekspertlər hesab edir ki, "Taliban"ın qısa müddət ərzində böyük gücə çevrilməsində Pakistan xüsusi xidmət orqanlarının mühüm rolu olub. Təsadüfi deyil ki, "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra bölgədə əsasən Pakistanın maraqlarının müdafiəçisi rolunda çıxış edirdi.
Əfqan xalqı "Taliban" hakimiyyətinin gətirdiyi qaydalardan sonra əslində nə baş verdiyini anlamağa başladı. "Taliban"ın timsalında Əfqanıstana yenidən zülmət çəkmüşdü. Bu, hərakatın tətbiq etdiyi qaydalardan da aydın görünür. "Taliban"ın hakimiyyəti illərində tətbiq edilən bəzi qaydaları təqdim edirik:
1. Qadınların işləməsi və təhsil alması qadağan edilmişdi.
2. Qadınlar üçün niqab taxmaq, kişilər üçün isə saqqal saxlamaq məcburi idi.
3. Saqqalını qırxan kişilər həbs edilirdi. Minimum cəza 6 aydan başlayırdı. Niqab taxmayan qadınlar isə şallaqlanırdı.
4. Əfqanıstan televiziyasının yayımı dayandırılmış, foto daxil olmaqla bütün visual vasitələr və məhsullar, eyni zamanda musiqi qadağan edilmişdi.
5. Kişilər evlərinə ən yaxın məsciddə 5 vaxt namaz qılması məcbur edilmişdi.
6. Namaz qılmayanlar və namazdakı duaları bilməyənlər şallaqlanırdı.
7. Bütün məktəblər mədrəsəyə çevrilmişdi.
8. Mədrərəslərdə 3-cü sinifdən etibarən bütün şagirdlərə başlarını 3 metrlik sarğı ilə sarımaq tapşırıldı.
9. Bütün kompüterlər məhv edilmişdi.
10. Çox sayda insanın müxtəlif səbəblərlə əli kəsilmişdi.
11. Edamların və əl kəsmələrin çoxu cümə namazlarından sonra həyata keçirilir və vətəndaşlara nümayiş etdirilirdi.
12. Kəsilən əllər şəhərin mərkəzində sərgilənirdi.
13. İctimai nəqliyyatda güzgülər yığışdırılmışdı. Səbəb sürücülərin qadınlara baxa bilməsi şübhəsi idi.
1998-ci ildə "Taliban" Əfqanıstanın 90 faizinə nəzarət edirdi. Müxalifətin əlində isə Əhməd Şah Məsudun nəzarətindəki Pəncşir bölgəsi qalmışdı. "Taliban"ın hakimiyyəti 2001-ci ilə qədər davam etdi. ABŞ-da baş verən 11 sentyabr terrorundan sonra Vaşinqton "Taliban"dan "Əl-Qaidə" lideri Üsamə Ben Ladeni tələb etdi. Lakin "Taliban" Ben Ladenin "qonaq” olduğunu əsas gətirərək onu ABŞ-a verməkdən imtina etdi. Bundan sonra ABŞ Şimal İttifaqının dəstəyi ilə "Taliban"a qarşı hərbi əməliyyata start verdi. Qısa müddət ərzində Kabil daxil "Taliban"ın nəzarətində olan bütün şəhərlər ələ keçirildi. Hərakat üzvləri Qəndəhara çəkildi. Bir müddət sonra "Taliban" Qəndəharı da itirdi. Hərakatın üzvləri dağlara çəkilərək gerilla savaşına başladılar. Həmin vaxtdan bu yana davam edən savaş yenidən "Taliban"ın qələbəsi ilə bitdi. Əfqanıstanın prezidenti Əşrəf Qani hakimiyyəti "Taliban"a təhvil vermək məcburiyyətinə qaldı. "Taliban" hakimiyyətinin bu dəfə neçə il sürəcəyini zaman göstərəcək.
Molla Heybətulla Axudnzadə
Hazırda "Taliban"ın lideri Molla Heybətulla Axudnzadədir. O, Sovet işğalına qarşı döyüşlərdə iştirak edib.
2015-ci ildə "Taliban" lideri Molla Ömər öldükdən sonra hərakata Molla Axtar Məhəmməd Mənsur liderlik edib. Molla Heybətullah isə onun müavini olub. 2016-cı ilin mayında Molla Axtar Məhəmməd Mənsur ABŞ-ın zərbələri nəticəsində dünyasını dəyişib. Bundan sonra "Taliban"a Molla Heybətullah Axundzadə rəhbərlik etməyə başlayıb.
Molla Axtar Məhəmməd Mənsur
Vidadi