İdman 17:04 02.12.2022

Tanınmış mütəxəssis: “Neftçi” ənənəsini qaytarmaq istəyirsə…”

Bu gün Azərbaycan Premyer Liqasında prinsipial oyun baş tutacaq. "Neftçi” "Bakcell Arena”da "Qarabağ”la qarşılaşacaq. Qarşılaşma ilə bağlı Azərbaycanın təcrübəli mütəxəssilərindən olan Vaqif Sadıqovun fikirlərini öyrəndik.

Sadıqov Qaynarinfo-ya açıqlamasında hər iki komandanın durumuna toxundu, qarşılşamanın əhəmiyyəti haqda danışdı.

"Çempionatda səbirsizliklə gözlənilən ən maraqlı oyundur. Bu gün turnir cədvəlinin lideri "Qarabağ” və öz ənənəsi, tarixi olan "Neftçi” ilə qarşılaşacaq. Hər iki komanda üçün vacib oyundur. Başa düşürük ki, "Qarabağ” "Neftçi” ilə arada olan fərqi qoruyub saxlamaq istəyəcək. Bundan əlavə nəzərə alsaq ki,  "Sabah” "Qarabağ”ın biraddımlığındadır. Bu, oyunun "Qarabağ” üçün də çox vacib olmasının göstəricisidir. Ona görə də "Neftçi” ən yaxşı oyunlarından birini keçirməyə çalışacaq. Belə demək mümkünsə, bu oyunda çox suallara cavab tapa biləcəyik. Nəzəri tərəfdən imkan varsa, "Neftçi” sona qədər mübarizə aparacaq. "Neftçi” həmişə çempionluğa oynayıb. Bu gün də, sona qədər çempionluq şansını əldən buraxmaq istəməyəcək. Keçən dəfə çempionluğu son turda əldə etmişdilər. "Neftçi” özünə sadiqdir. Hər bir rəqibə, o cümlədən "Qarabağ”a qarşı oyunda tam gücünü qoymaq və lazım olan xalı əldə etməklə "biz varıq” demək istəyəcək. Çox prinsipial oyundur və burada önə çıxan psixoloji faktorlar olacaq. İstərdik ki, məzmunlu, gözəl, gərgin keçən bir matçın şahidi olaq. İstər-istəməz güclü tərəf qələbə qazanacaq. Həm də millinin özəyini təşkil edən futbolçular meydanda olacaq. Hər iki komandadan gözəl oyun gözləyirik”.

Veteran futbolçu "Neftçi”nin ənənəsini bərpa etməsi üçün özünü mütləq göstərməli olduğunu düşünür: 

"Neftçi” potensialına görə heç kimdən zəif deyil. Milliyə namizəd olan yerli futbolçular var. Əcnəbilərin də potensialı böyükdür. Onları birləşdirib istədiyi komanda formalaşdırması üçün Regekampfa vaxt lazımdır. Çünki komandaya gec qoşulub. Bir şeyi unutmayaq ki, "Neftçi” ənənəsini qaytarmaq istəyirsə, mütləq hər oyunda özünü sübut etməlidir. Komandanın ehtiyat qüvvəsi də ortaya qoyulmaqla müsbət nəticə əldə etmək üçün ilk dəqiqələrdən sona qədər mübarizə aparmalıdır”. 

Səbuhi Həsənov