"Rüstəmin ölümü mənim üçün ağırdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anar Azərbaycanın Xalq yazıçısı, ssenarist, dramaturq, kinorejissor, mərhum Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşərkən deyib. Yazıçı Rüstəm İbrahimbəyovun ölümündən təəssüfləndiyini bildirib:
"Rüstəm mənim ən yaxın, 60 illik dostum idi. Məni onu yazıçı, dost, insan kimi yüksək qiymətləndirirəm. Rüstəm İbrahimbəyov haqqında dəfələrlə yazmışam. Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı danışmaq mənim üçün çox ağırdır. Çox təəssüf edirəm ki, belə gözəl yazıçıni, şəxsiyyəti itirdik, Allah ona rəhmət eləsin".
Professor Rafiq Əliyevin fikrincə, Rüstəm İbrahimbəyov milləti, ölkəni dünyada tanıdan onun seçilmiş insanlardan biridir:
"Həmin seçilmiş insanlar da hər millətdə barmaqla sayılası qədərdir. Seçilmiş insanlar xalqın, millətin mənafeyini öz mənafeyindən daha üstün tutan insanlardır. Mənim millətimin, xalqımın belə seçilən oğullarından biri Rüstəm İbrahimbəyov idi. Öncəki yazılarımda da qeyd etmişəm. Allahdan həmişə arzum olub ki, Azərbaycanda 5-10 ildən bir OSKAR olsun. Mən bilmirəm nə vaxt bu OSKAR Azərbaycana qayıdacaq. Amma Rüstəm tək OSKARI ilə deyil, tək şəxsiyyəti, yaradıcılığı, millətinə, dostlarına sədaqəti ilə həmin o ucalığa qalxdı. Onu həmin zirvəyə heç kim qaldırmadı, özü qalxdı. Allah Cabir Novruza rəhmət eləsin, deyirdi ki, gərək insanlara sağlığında çox qiymət verək. Onsuz da onun qiymətini dünya verir. Gərək biz də insanlara həyatda olanda qiymət verək. Rüstəm həmişə diridi, ölməyib. Füzulinin, Nizaminin necə yaşı var? Dünya duruqca Rüstəm yaşayacaq. Rüstəm elə bil iz qoydu ki, tək Azərbaycan ədəbiyyatında, kinosunda, sənətində yox, bütün dünyada o iz həmişə yasayacaq. Rüstəm 84 il yaşadı. Allah uzun ömür verəndə həm də insanları sınağa çəkir. Rüstəm bu ömrü ziyalı vicdanı ilə yaşadı. Hamıya örnək ola bilən bir ömür yaşadı. Allah ona rəhmət eləsin, dostum kimi xatirəmdə olacaq. Azərbaycanın, millətimizin başı sağ olsun".
Deputat Aqil Abbas Rüstəm İbrahimbəyovun ölümünü Azərbaycan xalqı üçün böyük itki hesab etdiyini dedi:
"Rüstəm İbrahimbəyov Azərbaycanı tanıdan bir yazıçı idi. Nəhəng ssenarist idi. Çəkdiyi filmlər sevilə-sevilə baxılırdı. Axırıncı dəfə ermənilərlə bağlı çəkdiyi film bir az qan qaraltdı".
Xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyovun ölümünü nəinki Azərbaycan, hətta dünya mədəniyyəti üçün böyük itki olduğunu vurğulayıb:
"Çox pisəm, şəkərim qalxıb, bunu eşidəndən özümüm heç yaxşı hiss etmirəm. Bu, çox böyük itkidir. Həm Azərbaycana, həm də dünya mədəniyyəti üçün. Böyük ssenarist, dramaturq və rejissor idi. Nəhəng bir adamı itirdik".
Azərbaycan kinorejissor və kinoşünas Ayaz Salayev isə Rüstəm İbrahimbəyov haqqında danışmaq istəmədiyini vurğuladı.
Qeyd edək ki, Azərbaycanın Xalq yazıçısı, ssenarist, dramaturq, kinorejissor Rüstəm İbrahimbəyov martın 11-də Moskvada dünyasını dəyişib. Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və dəfni ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülməsi ilə bağlı məlumat verilib.
Bahar Rüstəmli