ABŞ Prezidenti Donald Tramp NATO-nun əsas prinsipini – kollektiv müdafiə öhdəliyini – açıq şəkildə sual altına qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild” nəşri yazıb.
Tramp Haaqada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl "Air Force One” təyyarəsində jurnalistin sualını cavablandırıb. Ondan soruşulub ki, NATO müqaviləsinin 5-ci maddəsini – yəni bir və ya bir neçə NATO ölkəsinə silahlı hücumun bütün Alyansa hücum sayılacağı və hücuma məruz qalan ölkəyə hərbi yardım göstərilməli olduğu prinsipini dəstəkləyirmi?
Tramp cavabında müəmmalı və qeyri-müəyyən danışıb:
"Bu, sizin onu necə izah etməyinizdən asılıdır. Bildiyiniz kimi, 5-ci maddənin çoxlu izahı var. Bunu bilirsiniz, elə deyilmi?”
O daha sonra əlavə edib:
"Mən onlara (Avropa liderlərinə) dost olmaq borcunu hiss edirəm. Bilirsiniz, mən Avropada bir çox liderlərlə dostlaşmışam və onlara kömək etmək məsuliyyəti hiss edirəm. Mən insan həyatının qorunmasının, təhlükəsizliyin tərəfindəyəm. Tam dəqiq cavabı isə hazır olanda sizə verəcəyəm”.
"Bild” qeyd edir ki, Tramp NATO tarixində 5-ci maddəyə birmənalı dəstək verməyən ilk ABŞ prezidentidir.
NATO-nun 5-ci maddəsi nəyi nəzərdə tutur?
Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi NATO-nun kollektiv təhlükəsizlik sisteminin əsas sütunudur. Maddəyə əsasən, Avropa və ya Şimali Amerikada NATO-ya üzv dövlətlərdən birinə qarşı silahlı hücum bütün Alyansa qarşı hücum hesab olunur.
Mətnin orijinalında qeyd olunur:
"Tərəflər razılaşırlar ki, Avropa və ya Şimali Amerikada onlardan birinə və ya bir neçəsinə qarşı silahlı hücum onların hamısına qarşı edilmiş hücum sayılacaqdır".
Hücum halında, hər bir üzv-dövlət lazımi hesab etdiyi tədbirləri, o cümlədən silahlı güc tətbiqini həyata keçirməyə borcludur ki, hücumun nəticələri aradan qaldırılsın və təhlükəsizlik təmin olunsun.
Bu maddə yalnız bir dəfə — 2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ-a dəstək məqsədilə aktivləşdirilib.
Qeyd edək ki, bu maddə avtomatik olaraq müharibəyə başlamaq anlamına gəlmir. O, birləşmiş cavab vermə öhdəliyini nəzərdə tutur – bu cavab siyasi, iqtisadi və ya hərbi ola bilər. Maddənin aktivləşdirilməsi yalnız bütün üzv ölkələrin konsensusu ilə mümkündür.
Alpər
Şərhlər