Xəbər lenti

Tarixi məhvərindən çıxaracaq anlaşma: Bayden və Putin birləşməyə doğru gedir? (TƏHLİL)
Azər Rəşidoğlu
Dünya 13:05 13.06.2022

Tarixi məhvərindən çıxaracaq anlaşma: Bayden və Putin birləşməyə doğru gedir? (TƏHLİL)

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Alyans Ukrayna savaşının sərhədləri aşmasında və qonşu ölkələrə keçməsində maraqlı deyil. O bildirib ki, NATO savaşda birbaşa iştirak etməyəcək və ərazi güzəşti məsələsi də Kiyevin həll edəcəyi məsələdir. Baş katib dolayısı ilə də olsa, Kiyevin güzəştə hazır olması eyhamını vurub. Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın ən güclü analitiki olan Henri Kissincer də Kiyevi ərazi məsələlərində güzəştə getməyə səsləmişdi. 

Artıq bir sıra Avropa ölkəsi də Rusiya ilə savaşdan çəkinməyə meyilli kimi görünür. Bütün bunlar Putini yeni işğalçılıq planlarına həvəsləndirir. Putin özünü Böyük Pyotra bənzədir və "bizim idi, qaytardıq” şüarı ilə çıxış edir. Bir neçə ay bundan öncə isə Kreml zəlil və məğlub durumda görünürdü. Nə baş verir? Bu qədər ciddi dönüşlər nəyin xəbərçisidir? 

Öncə onu vurğulayaq ki, Ukrayna savaşı başlayandan ilk dəfə idi Rusiya bu qədər ciddi və miqyaslı sanksiya ilə üzləşirdi. Lakin savaş uzandıqca sanki dünya yorulur və ölkələrin maraqları tezliklə müharibənin bitməsini diktə edir. Rusiya dünyanı nüvə silahı ilə təhdid edir, lakin çoxları bunun blef olduğunu düşünür. Qaranlıq məqamlar çoxdur. Amma ortada dağıdılmış Ukrayna var və artıq Qərbin kursunda hiss edilən yumşalma yeni geosiyasi reallıqlardan xəbər verir. Kənar baxışla görünən budur - ABŞ Rusiya ilə körpüləri tam yandırmaq istəmir. Dəfələrlə olduğu kimi, bu dəfə də dünyanın iki güc mərkəzi anlaşmaya meyilli kimi görünür. Belə anlaşmalar nəticəsində Vyetnam, Koreya, keçmiş Yuqoslaviya, keçmiş Çexoslavakiya və bir çox ölkələr parçalanıb, bəzi ölkələrin mövcudluğuna son qoyulub. Tarix yenidən təkrar olunurmu? Bu dəfə Bayden və Putin görüşüb, Ukraynanın taleyini Kiyevin iştirakı olmadan həll edə bilərlərmi?
 
Əslində, Vaşinqtonun niyyəti və qətiyyəti olsaydı, Kreml çoxdan "ağ bayraq” dalğalandırmışdı. Vaşinqtonu ehtiyatlı davranmağa nə vadar edir? Bəzi araşdırmaçılar əmindirlər ki, ABŞ üçün əsas rəqib Rusiya yox, Çindir. London, Moskva və Vaşinqtonla yanaşı, oyunun içində Pekin də var. Bir sözlə, ABŞ, Rusiya, Çin dünyanı bölüşdürmək istəyir. Problem də elə bu zaman yaranır. Rusiyanın "dünya gücü” olmaq istəyi nəzərə alınmır və Putin "Rusiyanın olmadığı dünyanı” nüvə silahı ilə təhdid edir. Nəticədə, oyuna yeni qurbanlar cəlb edilir.
 

Əslində, bu oyun ABŞ-ın Əfqanıstandan geri çəkilməsi və ölkəni Talibana "hədiyyə” etməsi ilə başladı. ABŞ qeyri-sabit bölgə yarada bildi. ABŞ-ın Əfqanıstandan çıxması Mərkəzi Asiyada təhlükəsizlik risklərini artırdı, bu, Rusiyaya bölgə üzərində "müdafiə qalxanı” rolunu gücləndirmək şəraiti yaratdı. Yaxın Şərq zatən "idarəolunan xaos” içində idi. Diktatorları yıxan ABŞ qəfildən bölgədən çıxdı və həmin ölkələrdə qanlı vətəndaş müharibələri başladı. Birləşmiş Ştatların Yaxın Şərqdən çəkilməsi ilə Rusiya və İranın "əli möhkəmləndi”. Boşluqdan istifadə edən Ankara dominantlıq etmək niyyətini ortaya qoydu. Bu da hesablanmış oyun idi. Bölgədə Rusiya-İran-Türkiyə qarşıdurması ilə yanaşı,  şiə-sünnü savaşı alovlandırıldı. Bu savaş bütün bölgəni yandırmaq gücündədir. Məzhəb savaşı fonunda Birləşmiş Ştatların ortaya atdığı "müstəqil Kürdüstan” planı da uzunmüddətli xaosa hesablanmışdı. Burada niyyət aydındır - Vaşinqtonun Əfqanıstandan qəfil gedişi Rusiyanı gücləndirdi. Bir qədər sonra məqsəd aydın oldu - proseslər Orta Asiyaya transfer etməyə başladı. Səbəbləri indiyə qədər bilinməyən "Qazaxıstan hadisələri” baş verdi və Çin Orta Asiyada söz sahibinə çevrildi, Türkiyə və Rusiya məğlub oldu, Qazaxıstan sanki Çinə hədiyyə edildi.  Amma məsələ o qədər də sadə deyil. Gələcəkdə bu bölgədə Taliban və Çin arasında savaşın başlayacağı ehtimalı böyükdür. 

Qeyri-sabit bölgə senarisinin arxasında duran Vaşinqtonun planı bu dəfə də işlədi. Qazaxıstan hadisələri bitər-bitməz Rusiya Ukraynanı işğal etmək planı ilə çıxış etdi və ABŞ Avropa ölkələrini birləşdirə bildi, xaos Şərqi Avropa sərhədlərinə gəlib çatdı. İlk baxışdan görünən budur ki, Ukrayna Rusiyaya yem edildi, yekdilliyi yoxa çıxan Avropanı isə ABŞ "Rusiya təhlükəsi” adı ilə bilrləşdirib, öz çətiri altına yığa bildi. Bir sözlə, Avropa Birləşmiş Ştatlara, Ukrayna isə Rusiyaya verildi.
 

Pekin-Moskva-Vaşinqton anlaşması da elə bunu ehtiva edə bilərdi. Bu oyunda Kremlin istəyi MDB məkanı və Şərqi Avropa ölkələrinin onun təsir dairəsinə verilməsi idi. İndi Vaşinqton sözdə Rusiyanı durdurmaq istəyir. Yəni, Ukrayna parçalandıqdan sonra Moskva digər ərazilərə soxulmayacağı ilə bağlı zəmanət verir. Tərəflər razılaşsa, Ukraynanın parçalanması qaçılmaz görünür. Lakin Zelenski qurbangaha gətirilərsə, yaxın gələcəkdə Qərbə qarşı böyük bir etimadsızlıq mühitinin yaradılması qaçılmaz olacaq. Bundan yayınmaq üçün də Qərb bunu təbii proseslərin gedişatı kimi göstərməyə çalışır. Amma hər bir halda dərin təhlil etdikdə məsələnin mahiyyəti bəlli olur. Yeganə nəticə budur ki, Ukrayna parçalana bilər. Ukrayna tarixində parçalanma halları əvvəllər də yaşanıb. 1918-ci ildə Ukraynanın qərbində "Qərbi Ukrayna Xalq Respublikası” qurulub və ölkə Almaniyanın tam nəzarətində olub. Şərqdə isə Rusiyapərəst bir dövlət yaradılıb. Sonradan bu iki dövlət "Ukrayna Xalq Respublikası” adı altında birləşib. 1921-ci ildə bolşeviklər Ukraynanı işğal edib. İkinci Dünya müharibəsi zamanında Almaniyanın əsas hədəflərindən biri Ukraynanı işğal etmək idi. İndi baş verən müharibədə də Ukraynanın ən azı iki yerə bölünməsi məsələsi aktuallaşdılrır.

Bir sözlə, dünyanın yenidən bölüşdürülməsi prosesi başlayıb. "Putin niyə savaşın nəticələrini hesablamamışdı” sualına cavab da məhz bu ehtimalda gizlənib. Belə olan halda sual yaranır: Növbədə kimdir - İran, yoxsa Türkiyə?
 

Bu suallara cavab axtarışı gələcəyin işidir. Hər ssenari qurbanlar tələb edir. Bu böyük oyunda Putinin də qurban veriləcəyi istisna deyil. Əgər qısa zamanda Putin xəstəlikdən (onun ağır xəstə olması barədə yazmayan Qərb mediası qalmayıb) dünyasını dəyişərsə, bir qəhrəman kimi tarixdə qala bilər. Bu zaman Medvedev və ya başqa varis matəm içində Rusiyanı yenidən qura bilər. Rusiyanın tam parçalanması Qərbə də sərf etmir. Dünya Rusiyanın ac əhalisini daşıyacaq qədər güclü deyil. Orada yaşayan muxtar respublikaların da müstəqilliyi sərhədləri olmadığına görə bu mərhələdə real deyil. Anqlosakson və Putin əməkdaşlığı əslində tarixin sonunu gətirir. Elə bu səbəbə bəzi ideoloqlar anqlosakson-türk biriliyi ideyası ilə çıxış edirlər. Əgər Bayden və Putin anlaşarsa, daha nə Qərbə, nə Rusiyaya etimad qalacaq. Dünya orta əsrlərə qayıda bilər. Dini və etnik savaşlar uzun müddət davam edə bilər.

Bu gün Zelenski dünyanın xilası uğrunda savaşır. Ukraynanın parçalanması yeni tarxin elanı anlamına gələ bilər. Yeni tarix isə inkvizisiya dövrünə qayıdış anlamına gələrdi. Bu baxımdan, Ukrayna xalqının qələbəsi, ölkənin ərazi bütövlüyünün təmin olunması dünyanı gözləyən faciələrin qarşısını ala bilərdi. Lakin dünyanın taleyini Bayden və Putin (şərti olaraq) həll edir. Dünya ağır sınaq qarşısındadır... 

Azər Rəşidoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->