Almaniya Ukrayna rəhbərliyinə etimadsızlıq göstərdiyinə görə uzaqmənzilli "Taurus” raketlərini Ukrayna Silahlı Qüvvələrinə vermir. Orada hesab edirlər ki, Ukrayna həmin raketlərlərlə Rusiya ərazisinə zərbə endirə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” adı açıqlanmayan ukraynalı məmura istinadən
yazır.
Bundestaqın müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmermanın sözlərinə görə, tədarükün qarşısını alan yeganə şəxs Almaniya kansleri Olaf Şoltsdur.
Nəşrin məlumatına görə, müşavirləri onun imtinasına müxtəlif səbəblər göstərirlər. Onların arasında ABŞ lideri Co Baydenin ATACMS raketlərinin Kiyevə təhvil verilməsi ilə bağlı qərar gözləntiləri və "Taurus”un "yalnız F-16 təyyarələri verildikdən sonra məna kəsb edəcəyi” arqumenti var.
Həmçinin, Bild-in yazdığına görə, Almaniyada Rusiya ərazisinə mümkün zərbə ilə bağlı Ukrayna rəhbərliyinə etimadsızlıq davam edir.
"Bunlar yenə Almaniyadan gələn bəhanələrdir, biz bu bəhanələri təkrar-təkrar eşidirik. Bununla belə, indi daha çox irəliləyiş əldə etmək üçün Rusiyanın Ukrayna daxilindəki mövqelərinə və komanda məntəqələrinə hücum etmək üçün daha çox imkanlara ehtiyacımız var”, - adının açıqlanmasını istəməyən ukraynalı rəsmi bildirib.
Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Bild-ə verdiyi şərhdə, təkrar səhvlərə və gecikmiş çatdırılmalara qarşı xəbərdarlıq edib və Berlini "onsuz da gec-tez qəbul ediləcək" qərarı mümkün qədər tez verməyə çağırıb.
"Rusiya logistikasını və bölmələrini məhv etməyin başqa yolu yoxdur, ona görə də "Taurus” Rusiya ərazisinə hücum etmək üçün deyil, işğalçıların resurslarını məhv etmək üçün lazımdır. Strateji düşərgələri məhv edən kimi ordunu gücləndirməyin başqa yolu qalmayacaq və müharibə başqa formada olacaq”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Almaniya xarici işlər naziri Annalena Berbok və maliyyə naziri Kristian Lindner Ukraynanın "Taurus” raketləri ilə təmin olunmasının tərəfdarı olduqlarını bildiriblər.
Avqustun 11-də "Der Spiegel” yazıb ki, Almaniya hökuməti yaxın aylarda Ukraynanı "Taurus” qanadlı raketləri ilə təmin etmək yollarını araşdırır. Şolts Rusiya ərazisinə zərbə endirməyin qeyri-mümkün olması üçün onları modifikasiya etməyi tələb edir. Özü isə "Taurus” raketlərini verməkdə tərəddüd etdiyini inkar edir.
Reuters yazıb ki, Berlin artıq silah istehsalçısı MBDA ilə Ukraynanı bu qanadlı raketlərlə təmin etmək üçün danışıqlar aparır.
Nizami Bağırov