Azərbaycanlı rəqs təlimatçısı Jila İbrahimi internetdə rəqs görüntülərinin yayılmasına görə Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, Təbriz şəhər həbsxanasının qadın şöbəsinə yerləşdirilib.
Qaynarinfo bu barədə "Herana" agentliyinə istinadən xəbər
verir.
İrandakı hüquq müdafiəçiləri qrupunun xəbər orqanı olan "Herana" agentliyinin məlumatına görə, Jila İbrahimi Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən gobudcasına saxlanılıb.
Xanım İbrahimi Təbriz Kəşfiyyat İdarəsində rəqs görüntülərini yaymaqda itiham edilib və şəhər məhkəməsi tərəfindən barəsində həbs qərarı verilib.
Vurğulanır ki, Jila İbrahimi güneydə Azərbaycan rəqsinin məşhur ifaçısıdır və həmçinin Təbriz "Sözsaz" Assosiasiyasının üzvüdür.
Qeyd edək ki, ötən həftə prezident İbrahim Rəisinin qalmaqallı hicab qanununu elan etməsindən sonra polis və təhlükəsizlik qüvvələri tərəfindən qadınlara, xüsusən də sənət adamlarına, musiqiçilərə və başqa qadın incəsənət xadimlərinə qarşı geniş məhdudiyyətlər tətbiq olunur.
Aydın