XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Tehranın Xəzər gedişi: Ratifikasiya qərarının arxasında nə dayanır? (MÜSAHİBƏ)
Siyasət13:21 11.08.2026

Tehranın Xəzər gedişi: Ratifikasiya qərarının arxasında nə dayanır? (MÜSAHİBƏ)

Xəzərin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasının İran parlamentində ratifikasiyası məsələsinin yenidən gündəmə gəlməsi ciddi müzakirələrə səbəb olub.

Qaynarinfo siyasi şərhçi Qulamhüseyn Əlibəyli ilə Xəzərin statusu, Tehran-Moskva münasibətləri, Azərbaycan və Türkmənistan amili barədə danışıb.

– Qulamhüseyn müəllim, bir neçə gün əvvəl Xəzərin hüquqi statusu haqqında 2018-ci il Konvensiyasının İran parlamentində ratifikasiyası məsələsi yenidən gündəmə gətirildi. İlk baxışda bu, texniki-hüquqi məsələ təsiri bağışlaya bilər. Sizcə, məsələnin siyasi tərəfi nə qədər əhəmiyyətlidir?

– Məncə, burada söhbət sırf hüquqi prosedurdan getmir. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın İran tərəfindən ratifikasiyası Xəzərdə regional güc balansına təsir göstərə biləcək kifayət qədər ciddi siyasi qərardır. İran xarici işlər naziri Abbas Əraqçinin son açıqlaması da bu baxımdan diqqətçəkəndir. O, bir tərəfdən Konvensiyanın İranın milli maraqlarına uyğun olduğunu bildirir, digər tərəfdən isə sənəddə İranın Xəzərdə konkret payının müəyyənləşdirilmədiyini və bu məsələnin ikitərəfli və ya üçtərəfli danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayır. Əslində, Əraqçinin bu mövqeyində ziddiyyət yoxdur. Çünki 2018-ci il Konvensiyasında təkcə İranın deyil, ümumiyyətlə heç bir sahilyanı dövlətin Xəzərdəki konkret “payı” müəyyənləşdirilmir. Konvensiya daha çox Xəzərin hüquqi rejimini və dənizin dibinin, eləcə də yeraltı sərvətlərin bölüşdürülməsinin ümumi prinsiplərini müəyyənləşdirir. Sənədin 8-ci maddəsinə əsasən, Xəzərin dibi və yeraltı sərvətləri qonşu və qarşı-qarşıya yerləşən sahilyanı dövlətlərin razılaşması əsasında, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları nəzərə alınmaqla sektorlara bölünür. Yəni Konvensiya avtomatik şəkildə İranın, Azərbaycanın, Rusiyanın, Qazaxıstanın və ya Türkmənistanın konkret sektor sərhədlərini müəyyən etmir.

– Bu baxımdan İran xarici işlər nazirinin açıqlamasını necə şərh etmək olar?

– Mən Əraqçinin açıqlamasını İranın Konvensiyadan imtina etmədiyi, əksinə, sənədi ratifikasiya etməklə Xəzərin dibinin delimitasiyası məsələsində daha fəal mövqeyə keçməyə hazırlaşdığı barədə mesaj kimi qiymətləndirərdim. Burada bir mühüm məqam var. Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı artıq müəyyən presedent mövcuddur. 2001-2003-cü illərdə Azərbaycan və Qazaxıstan, Azərbaycan və Rusiya arasında ikitərəfli razılaşmalar əldə edildi, daha sonra isə Azərbaycan, Rusiya və Qazaxıstan arasında üçtərəfli razılaşma imzalandı. Deməli, Xəzərin dibinin delimitasiyası sahəsində əsas mexanizm sahilyanı dövlətlərin ayrıca razılaşmalarıdır. 2018-ci il Konvensiyası isə bu proses üçün ümumi hüquqi çərçivə yaradır.

İranın hazırkı mövqeyini belə oxumaq olar - Tehran əvvəlcə ümumi hüquqi çərçivənin iştirakçısına çevrilmək, daha sonra isə öz sektorunun delimitasiyası ilə bağlı danışıqlarda daha fəal olmaq istəyir.

– Bəs niyə bu məsələ məhz indi aktuallaşdırılır?

– Zamanlama çox maraqlıdır. İranın qarşısında hazırda son dərəcə mürəkkəb geosiyasi vəziyyət var. Yaxın Şərqdə gərginlik, ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqləri, Ukrayna müharibəsinin yaratdığı yeni təhlükəsizlik reallıqları və Xəzərin təhlükəsizlik baxımından əhəmiyyətinin artması Tehranı əvvəlki mövqelərini yenidən nəzərdən keçirməyə məcbur edir. Xəzər artıq yalnız neft-qaz yataqları və balıqçılıq məsələsi deyil. Bu dəniz Rusiya ilə İran arasında nəqliyyat əlaqələrinin, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin, Mərkəzi Asiya ilə əlaqələrin və regional enerji marşrutlarının mühüm hissəsinə çevrilib. Belə şəraitdə İranın Xəzərin hüquqi rejimini müəyyən edən əsas sənəddən kənarda qalması əvvəlki kimi üstünlük deyil. Əksinə, bu, müəyyən mənada Tehranın imkanlarını məhdudlaşdıra bilər. İran Konvensiyanı ratifikasiya etməklə bir tərəfdən Xəzərin hüquqi rejiminin formalaşmasında iştirakını möhkəmləndirir, digər tərəfdən isə Xəzərin dibinin delimitasiyası məsələsində Azərbaycan və Türkmənistanla ayrıca danışıqlar aparmaq üçün hüquqi platformasını gücləndirir.

– Bu prosesdə Rusiyanın maraqları nədən ibarətdir?

– Rusiya amilini nəzərə almadan məsələnin mahiyyətini tam anlamaq mümkün deyil. Moskva uzun müddətdir Xəzərin hüquqi statusu məsələsinin yekunlaşdırılmasında maraqlıdır. Bunun səbəbi təkcə enerji deyil. Xəzər Rusiya üçün təhlükəsizlik, hərbi-strateji nəzarət və regional kommunikasiya baxımından xüsusi əhəmiyyət daşıyır. 2018-ci il Konvensiyasının əsas müddəalarından biri Xəzərdə hərbi fəaliyyətə xüsusi rejim gətirilməsi və sahilyanı olmayan dövlətlərin silahlı qüvvələrinin Xəzərdə iştirakının istisna edilməsidir. Bu, Rusiyanın strateji maraqlarına tam uyğundur. Moskva Xəzəri özünün cənub təhlükəsizlik perimetrinin mühüm hissəsi kimi qəbul edir. Xəzərdə NATO və ya digər qeyri-sahilyanı dövlətlərin hərbi iştirakının qarşısının alınması Rusiya üçün fundamental məsələlərdəndir. İranın Konvensiyanı ratifikasiya etməsi isə Xəzərin hüquqi rejiminin tamamlanmasına və Rusiyanın uzun müddətdir müdafiə etdiyi təhlükəsizlik modelinin möhkəmlənməsinə xidmət edəcək. Amma mən bunu sadəcə “İran Rusiyanın istəyini yerinə yetirir” kimi qiymətləndirməzdim. Tehran bu qərarı öz maraqları baxımından əsaslandırmağa çalışır. İranın Rusiyaya güzəşt etdiyi görüntüsünün yaranması Tehran üçün siyasi baxımdan arzuolunan deyil. Ona görə də İran rəsmiləri məsələni ilk növbədə milli maraqlar prizmasından təqdim edirlər.

– Tehranda Xəzəryanı dövlətlərin sammitinin keçirilməsi gözlənilir. Bunun da prosesə təsiri varmı?

– Əlbəttə. Rusiya hələ ötən ilin dekabrında İranın Konvensiyanı Xəzəryanı dövlətlərin sammitinə qədər ratifikasiya etməsinə ümid etdiyini bildirmişdi. İndi isə ratifikasiya məsələsinin məhz sammit ərəfəsində yenidən gündəmə gəlməsi göstərir ki, prosesin arxasında daha geniş siyasi hesablamalar var.İran sammitə Konvensiyanı ratifikasiya etməyə hazırlaşan ölkə kimi daxil olarsa, Xəzərin hüquqi statusu ilə bağlı mövqeyini daha sistemli şəkildə ortaya qoya bilər. Bununla yanaşı, Tehran Moskvanın mövqeyi ilə üst-üstə düşən addımı Rusiyanın tələbi və ya Rusiyaya güzəşt kimi təqdim etmək istəmir. İran üçün vacib olan budur ki, qərarın məhz Tehranın milli təhlükəsizlik və iqtisadi maraqlarından doğduğu görüntüsü yaransın.

– Azərbaycan və Türkmənistan faktorunu necə qiymətləndirirsiniz?

– Bu, məsələnin ən mühüm tərəflərindən biridir. Xəzərin cənub hissəsində İranın əsas qonşularından biri Azərbaycandır. Cənub-şərq istiqamətində isə Türkmənistan yerləşir. Hər iki dövlətin Xəzərdə böyük enerji infrastrukturu, neft-qaz yataqları, dəniz platformaları və beynəlxalq enerji layihələri var. Bu səbəbdən Xəzərin dibi və dəniz sərhədləri ilə bağlı məsələlər İran üçün yalnız hüquqi deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıyır. İran Konvensiyanı ratifikasiya etməklə Azərbaycan və Türkmənistanla gələcək danışıqlara daha müəyyən hüquqi platformada daxil olmaq imkanı əldə edə bilər. Əks halda, ümumi hüquqi çərçivədən kənarda qalmaq Tehranı ayrı-ayrı mübahisələrdə daha mürəkkəb vəziyyətə sala bilər. Xüsusilə enerji yataqları və dəniz sərhədləri məsələsində qeyri-müəyyənliyin uzun müddət davam etməsi hüquqi mübahisəni siyasi qarşıdurmaya çevirə bilər. Azərbaycanla İran münasibətlərində son illərdə müəyyən gərginliklər yaşandığını da nəzərə alsaq, Tehran üçün Xəzər məsələsində hüquqi çərçivənin möhkəmləndirilməsi böyük önəm daşıyır.

Siyasət şöbəsi