Çinin və Kanadanın alimləri tərəfindən aparılan birgə araşdırmaya əsasən, günəş işığından tamamilə məhrum olmuş dərinliklərdə formalaşan okean ekosistemi qeyri-adi bir "enerji mənbəyi" ilə qidalanır - bu, zəlzələlər və tektonik sürüşmələr nəticəsində Yer qabığında baş verən dağılma və parçalanmalardan yaranan enerjidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.
Ənənəvi elmi yanaşmalara əsasən, okeanın kilometrlərlə dərinliyində, günəş işığından və üzvi qidalardan uzaq bölgələrdə həyatın mövcud ola bilməyəcəyi hesab edilirdi. Lakin son araşdırmalar göstərib ki, dəniz dibində Yer biosferasının 95 faizini təşkil edə biləcək və Yer kürəsinin ümumi biokütləsinin təxminən beşdə birinə bərabər olan aktiv bir biosfer mövcuddur.
Çinin Elmlər Akademiyasının Quançjou Geokimya İnstitutundan professor Çju Tszansı və Çe Çunpinin, habelə Alberta Universitetindən professor Kurt Konkhauserin apardığı araşdırma bu biosferi nəyin enerji ilə təmin etdiyini aydınlaşdırmağa yönəlib. Onların nəticələri 18 iyul tarixində "Science Advances" jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, Yer qabığında baş verən seysmik aktivlik dərinliklərdəki həyat üçün təbii "generator" rolunu oynayır. Professor Çju bildirib ki, bu enerji su ilə qayalar arasında baş verən kimyəvi reaksiyalar nəticəsində yaranır.
"Bu proses batareya kimi işləyir – pozitiv və neqativ qütblər yaradaraq mikroorqanizmlərin metabolizmi üçün zəruri olan elektron axınını təmin edir", deyə o, Geokimya İnstitutunun mətbuat açıqlamasında qeyd edib.
Laboratoriya şəraitində tədqiqatçılar Yerdə ən geniş yayılmış silikat minerallardan olan kvars vasitəsilə süxurların parçalanma prosesini modelləşdiriblər. Onlar süxurların qəfil çatlaması və davamlı şəkildə dağılması olmaqla iki əsas dağılma tipini canlandırıblar. Nəticədə su molekullarının parçalanaraq qaz halında hidrogen və aktiv oksigen formaları yaratdığı aşkarlanıb. Xüsusilə, hidrogen peroksid (H₂O₂) aktiv şəkildə toplanıb.
Bu reaksiyalar oksidləşmə-bərpa (redoks) proseslərini başladaraq təxminən 0,82 voltluq elektrik enerjisi hasil edib ki, bu da bəzi mikroorqanizmlərin yaşaması üçün kifayətdir. Üstəlik, bəzi mineralların səthində oksigenin əmələ gəlməsi sürəti atmosferdəki fotokimyəvi proseslərdən daha yüksək ola bilər. Beləliklə, alimlər sübut ediblər ki, dərin dəniz həyatını yerin "yeraltı enerji şəbəkəsi" təmin edir.
Tədqiqatçılar hesab edir ki, orta gücdə bir zəlzələ nəticəsində yaranan hidrogen axını, ionlaşdırıcı radiasiya ilə su molekullarının parçalanması (radioliz) və ya su ilə ultrabazalt süxurlar arasında yüksək temperatur və təzyiq altında baş verən kimyəvi reaksiyalardan (serpentinizasiya) 100 000 dəfə artıq ola bilər. Bu isə o deməkdir ki, belə güclü enerji axını dərinliklərdəki mikrob populyasiyalarının mövcudluğunu asanlıqla dəstəkləyə bilər.
Aydın
Şərhlər