Dünya yeni təhlükə ilə üz-üzədir. Üstəlik bu təhlükə hər an ölüm yarada biləcək dərəcədədir. Söhbət ölüm təhlükəsi yaradan, ancaq səhiyyə və elm dünyası tərəfindən hələlik o qədər də ciddiyə alınmayan bakteriyalardan gedir.
YADDAŞ: Bakteriyalar təkhüceyrəli mikroorqanizmlərdir. Böyüklükləri 0,1 - 10 µm arasındadır. Bakteriyaların dünya üzərində 3,5 milyard ildir yaşadıqları bilinməkdədir. Bakteriya sözü yunanca “bakteria” “çubuq, qəmiş” sözünə uyğun gəlir. Bunun səbəbi ilk kəşf edilən bakteriyaların çubuq şəklində olmasıdır. Bakteriyalar mikroorqanizmlərin torpaqda ən çox yayılmış qrupudur. Onların 1 q torpaqda miqdarı torpağın xassələrindən və hidrotermik şəraitdən asılı olaraq on milyondan bir-neçə milyarda kimi dəyişir. Bakteriyalar torpaqda mineral və üzvi birləşmələrin müxtəlif çevrilmə proseslərini həyata keçirir.
Dünyada bilinən ilk yaşam forumunu təşkil ediblər. Bəzi bakteriya növləri xəstəlik törədirlər. Bakteriyalar sadə bölünmə yolu ilə hər 20-30 dəqiqə içində saylarını 2 dəfə artırırlar. Son tədqiqatlardan aydin olub ki, bakteriyalarda həm də cinsi çoxalmanın formalari da aşkar olunub: Transformasiya,Transduktsiya və Konyuqasiya. Bakteriyalar müxtəlif ekoloji şəraitə qarşı dözümlüdürlər.
Ümumdünya Səhiyyə Təşkilatı yeni bakteriyalarla mübarizənin vacib olduğunu bildirib. Təşkilatın məlumatına görə, bu bakteriyalar bütün antibiotiklərə davamlı olmaqla təhlükənin miqyasını daha da böyüdür. Buna görə də onlarla mübarizədə yeni üsulların tapılmasına ehtiyac var. Ümumilikdə antibiotiklərlə bağlı yaranmış vəziyyət xeyli müddətdir ki, müzakirə mövzusudur. Antibiotiklərin təsir gücünün azalması ilə yanaşı kənar təsirlərinin artması tibb mütəxəssislərini daha çox narahat edir.
Yeni dərmanlara pul tapılmır
Belə güman edilir ki, antibotiklərin təsir gücünün azalmasının əsas səbəblərindən biri də əczaçılıq şirkətlərinin dərman istehsalında yeni bakteriyalarla bağlı vəziyyəti öyrənməyə cəhd etməməsidir. Yəni, dərman preparatları hazırlanarkən yeni bakteriyalarla bağlı vəziyyət öyrənilmir və bunun nəticəsində antibiotiklər təsirsiz qalır. Əksər hallarda bu şirkətlər öz qazanclarını əhalinin sağlamlığından üstün tutur ki, nəticədə antibiotiklərdən ölüm hallarının baş verməsi kimi dəhşətli mənzərə yaranır. Yeni bakteriyaların öyrənilərək onlarla mübarizədə təsirli olacaq yeni dərman prepatarlarının hazırlanması daha çox maliyyə vəsaiti tələb etdiyindən şirkətlər buna cəhd göstərmir. Məhz bu problemin qarşısını almaq və dərman şirkətlərini daha çox əhalinin sağlamlığını düşünməyə istiqamətləndirmək üçün təhlükəli olan yeni bakteriyaların siyahısı hazırlanıb.
Yeni siyahıda yeni təhlükə
ÜST-nın fikrincə, bu bakterilayalarla mübarizə prioritet təşkil etməlidir, çünki insan sağlamlığı üçün ciddi təhlükə törədir. Qurumun təmsilçisi Mari-Pol Kinin sözlərinə görə, hər şeyi bazarın ixtiyarına buraxmaq olmaz:“Əgər biz hər şeyi bazarın öz ixtiyarına buraxsaq, o zaman şirkətlər bizə lazım olan antibiotikləri lazım olan müddətdə hazırlamayacaqlar”. Qurum rəsmisi deyib ki, yeni siyahı ÜST-nın rəhbərliyi altında beynəlxalq dərəcəli ekspertlərin uzun səyi nəticəsində hazırlanıb. Almaniyanın Tyubinqen Universitetinin mütəxəssisləri də siyahının hazırlanmasında yaxından iştirak ediblər. Siyahıya daxil edilən bakteriyalar insan səhhətinə təhlükə dərəcəsinə görə sıralanıb. Eyni zamanda bu bakteriyadan ölüm hallarının dərəcəsi nəzərə alınıb.
“İnsanları qorxutmaq istəmirik, ancaq...”
Müalicəyə müqavimətli olan tuberkulyoz bakteriyası bura daxil edilməyib. ÜST rəsmisi bunun səbəbini tuberkulyozun müalicəsinin hazırda elm aləmi üçün prioritet məsələ olması ilə əlaqələndirib: “Bu siyahı insanları superbakteriyalarla qorxutmaq üçün hazırlanmayıb. Əksinə, insanları qorumaq üçün daha yaxşı işə ehtiyac olduğunu göstərmək üçün hazırlanıb. Bu siyahı vasitəsilə biz elm aləmini və əczaçılıq sənayesini daha aktiv iş aparmağa çağırır, insanlaırn sağlamlığı üçün ciddi təhlükə yarada biləcək məqamlara diqqəti çəkirik”.
Ən ölümcül bakteriya hansıdır?
Siyahıdakı 12 bakteriya təhlükə səviyyəsinə görə sıralanıb: kritik, yüksək, orta dərəcə. İlk yerdə ən təhlükəli bakteriya olan Acinetobacter baumannii və Pseudomonas aeruginosa durur. Hər iki bakteriya qanın ölümcül xəstəliklərinə gətirib çıxarır. Eyni zamanda pnevmaniya yaratma qabiliyyəti çox yüksəkdir. Siyahıda təhlükə dərəcəsinə görə üçüncü yerdə Klebsiella və E bakteriyalarının da daxil olduğu bakteriya ailəsi dayanır. Bu bakteriyalara xəstəxanalarda yoluxmaq ehtimalı daha çoxdur.
Sidik yollarının infeksiyasına və ondan yaranan bir çox ağırlaşmalara səbəb ola bilər. Həmçinin ölümlə nəticələnən pnevmaniya da məhz bu bakteriya vasitəsilə yarana bilir. Yeni bakteriyalarla bağlı əsas problem budur ki, son 10 illikdə dünya miqyasında ancaq bir neçə yeni antibiotik hazırlanıb ki, bu da təhlükənin səviyyəsi ilə eyni deyil. Əczaçılıq sənayesində inkişafın bu qədər ləng getməsi tibb mütəxəssislərinin narahatlığına səbəb olur.
Dərman şirkətləri insanları düşünmür
Dərman istehsalçıları yeni antibiotiklərin hazırlanması və istehsalını maliyyələşdirmək istəmir. Səbəb isə yeni antibiotiklərin yüksək gəlir gətirməyəcəyinə dair formalaşmış qənaətdir. Yeni preparatları dərman bazarında tanıtmaq və müştəri toplamaq kifayət qədər əziyyətli və maliyyə tələb edən işdir. Xroniki xəstəliklər zamanı istifadə edilən preparatlardan fərqli olaraq antibiotiklər ancaq qısa müddət üçün istifadədə olur. Buna görə də bu preparatların bazarı genişlənmədiyindən, üstəlik də əhalidə antibiotiklərlə bağlı birmənalı fikir formalaşmadığından dərman istehsalçıları daha ehtiyatlı davranır.
Onu da qeyd etmək lazımdır ki, bir çox mütəxəssislər də yeni antibiotiklərin yaradılmasına qarşıdır. Onların fikrincə, artıq sınaqdan çıxmış antibiotikləri saxlamaq yenilərini istehsal etməkdən daha yaxşıdır. Bununla yanaşı yeni antibiotiklərin istehsalının da vacib olduğu düşüncəsini bölüşən mütəxəssislər az deyil.
Təkcə bir ölkədə bakteriyalar ildə 23 min nəfəri öldürür
Amerika və Çin daxil olmaqla bir sıra ölkələr artıq yeni antibotik hazırlanmasına başlayıb. 2016-cı ilin fevralında ABŞ hökuməti “BARDA Biopharmaceutical Accelerator”u yaradıb. Məqsəd antibitik hazırlanması sahəsindəki tədqiqatları maliyyələşdirmək və stimullaşdırmaqdır.
ABŞ-da il ərzində antibitiklərə müqavimət göstərən bakteriyalar 23 min insanın ölümünə və 2 milyon insanın xəstələnməsinə yol açır. Qenoreya, enterobakteriya, vərəmin bəzi növləri artıq dərmanlarla müalicə olunmur. Onları müalicə etmək üçün yeni preparatlara ehtiyac var. Yeni preparatların hazırlanması sahəsində təkcə elmi fəaliyyətin stimullaşdırılması kifayət etmir. Yeni antibiotiklərin istehsalına nail olmaq üçün əczaçılıq şirkətlərini də investisiya yatırmağa inandırmaq lazımdır. Bu isə böyük vəsait demək olduğundan hökumətlər çox zaman nisbətən daha ucuz, sadə preparatları istehsal edən şirkətlərlə ortaq məxrəcə gəlir və onlara maliyyə ayırmağı üstün tuturlar. ÜST da məhz bu məqamları nəzərə alaraq əczaçılıq şirkətlərinin diqqətini daha təhlükəli bakteriyalara cəlb etməklə bu sahədəki boşluğu doldurmağın mümkünlüyünə inanır. Əks təqdirdə xəbərdarlıq edilir ki, dünyanı terrorizmlə az qala eyni təhlükə daşıyan bakteriya erası gözləyə bilər.
Beləliklə... təhlükə
Ümumdünya Səhiyyə Təşkilatının siyahısındakı bakteriyalar aşağıdakılardır:
• Acinetobacter baumannii
• Pseudomonas aeruginosa
• Enterobacteriaceae
• Enterococcus faecium
• Staphylococcus aureus
• Helicobacter pylori
• Campylobacter spp
•Salmonellae
• Neisseria gonorrhoeae
• Streptococcus pneumoniae
• Haemophilus influenzae
• Shigella spp.
Qaynar.Az
Mənbə: cebhe.info