Xəbər lenti

Təyyarə qəzasında həlak olanlar dəfn edildilər - VİDEO
Dünya15:49 22.05.2016

Təyyarə qəzasında həlak olanlar dəfn edildilər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanda baş vermiş təyyarə qəzasında həlak olan 7 nəfərdən 3-nün meyiti bu gün ailəsinə təhvil verilib. 
ANS TV-nin məlumatına görə, Patoloji Anatomiya Birliyində keçirilmiş məhkəmə tibbi ekspertizasının nəticələrinə əsasən 3 meyitin kimliyini müəyyən edib. Daha iki nəfərin meyiti üzərində isə ekspertiza davam etdirilir. Şəxsiyyətləri müəyyənləşən kimi bu iki cənazənin də ailələrinə təhvil verilməsi gözlənilir.
Qəza zamanı həlak olan Firdövsi Şahverdiyevin və Azər Zülfiyevin cənazələri səhər saatlarında təhvil verilib. Onlardan biri Gəncə şəhərində, digəri isə Xızıda torpağa tapşırılıb. Bort mühəndisi Nadir Rzayevin cənazəsi isə ailəsinə təhvil verilərək yaşadığı H. Z. Tağıyev qəsəbəsinə aparıldı.
50 yaşın astanasında olan N.Rzayev 26 ildir ki, bort mühəndisi vəzifəsində çalışırmış. Bir günə qayıdacağını deyən bort mühəndisi 5 gündən sonra evinə tabutda döndü. 
May ayının 18-də Əfqanıstanın Dvayer hava limanında yerli vaxtla təxminən saat 14:30-da An-12 təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib.
Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "Silk Way" şirkətindən icarəyə götürülüb.
Dvayerə Baqrandan gələn təyyarə yanacaq doldurulması üçün Türkmənistanın Mari şəhərinə yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb. Göyərtədə olan 9 ekipaj üzvündən 7-si dünyasını dəyişib. Onlardan 5-i Azərbaycan vətəndaşıdır. Digər iki nəfər isə Özbəkistan və Ukrayna vətəndaşlarıdır.
Təyyarədə olan iki nəfər sağ qalıb. Bunlar Ukrayna vətəndaşları Andrey Qanja və Rəmzi Əliyevdir. Onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Təyyarənin göyərtəsində olan ekipaj üzvləri bunlardır:
1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü
2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3.  Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4.  Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bort mühəndis, 1964-cü il təvəllüdlü
5.  Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7.  Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8.Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü 
Qaynarinfo.az